Rusiyada azərbaycanlı Ukrayna ordusuna qoşulmaq istədiyinə görə həbs edildi
Rusiyanın Oryol vilayətində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Ukrayna silahlı qüvvələrinin tərkibində döyüşmək istəyən azərbaycanlını saxlayıblar. Bu haqda RBK qurumun İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən məlumat yayıb.
FSB-nin məlumatına görə, həmin şəxs “ukraynapərəst fikirlərin tərəfdarı” olmaqla yanaşı, Ukrayna ordusunun nümayəndələri ilə əlaqə yaradıb”.
OrelTimes-in məlumatına görə, saxlanılan şəxs 39 yaşlı Orel sakini, milliyyətcə azərbaycanlı olan Ramil Əziz oğlu Dəmirovdur. O, Türkiyə üzərindən Ukraynaya getməyi planlaşdırırmış. Dəmirova qarşı cinayət işi qaldırılıb.
Ramil Dəmirov Rusiya vətəndaşlığından imtina ərizəsi yazıb.
“Mən heç vaxt özümü Rusiya cəmiyyətinin bir hissəsi hesab etməmişəm, onun nə tarixi, nə siyasi, nə də mədəni baxışlarını bölüşməmişəm. Yaşadığım bütün müddət ərzində yerli əhalidən yalnız neqativlik, ksenofobiya, nifrət və paxıllıq hiss etmişəm” – deyə, Dəmirov ərizəsində yazıb.