“Təcili yardım çağırdıq gəlmədi, uşaq saat yarım qanı içində qaldı”
Dünən gecə qonşumun uşağı balkondan yıxıldı. Guppultuya qaçdım ki, uşaq iki büklüm qalıb yerdə, ana şokda özünü çırpır. İlk iş təcili yardıma zəng etdim. Bilin görək nə oldu? Gəlmədi! Düz 1.5 saat uşaq qaldı betonun üstündə, qanının içində. 7 dəfə zəng etdim, dedi gələcək. Gəlmədi. Uşağın sınıq-sınıq olmuş qolun, qıçın bir yerə toplayıb həyətdən tapdığımız taxtanın üstünə uzadıb, maşınla xəstəxanaya çatdırası olduq. Üstündən 3 saat keçəndən sonra, gecə yarısı bir xanım zəng edib mülayim səslə soruşdu ki, gələk, ehtiyac var? Dedim gəl, yata bilmirəm, gəl çay içək.
Hadisənin şoku bir yana, təcili yardımın gəlməməsinin, o an hiss etdiyim əlacsızlığın şokundan çıxa bilmirəm. Düz bir sutkadır başım ağrıyır. Necə yəni, gəlmədi? Dedim axı, uşaq 2 ci mərtəbədən yıxılıb, ayaqları sınıb, qan axır, özündə deyil. Necə gəlməyə bilər? Təcili yardım belə bir çağırışa necə gəlməyə bilər? Necə? Niyə?
TƏBİB, o uşaq, o qədər sümük sınığı ilə, bir saat yarım sizi gözlədi. Alaq həyətimizə hərəyə bir dənə təcili yardım maşını qoyaq ? Nə edək biz? Necə yaşayaq sizinlə eyni ölkədə? Yaşaya bilmirik axı.
Yazı Nərmin Hüseynazadənin feysbuk səhifəsindən götürülüb. Yazının altındakı şərhlərdə TƏBİB və Səhiyyə Nazirliyi işarələnsə də, bu yazını dərc olunanadək həmin qurumlardan buna reaksiya verən olmayıb.
***
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ötən gün Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanında eyvandan yıxılan yeniyetmə Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar araşdırma aparır.
TƏBİB-dən verilən xəbərə əsasən, araşdırmanın nəticəsinə uyğun olaraq aidiyyəti üzrə tədbirlər görüləcək.
“Zərurət yaranarsa, hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Hazırda Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 15 yaşlı Ayan Aslanovaya EKQ, KT, ultrasəs və laborator müayinələri, uşaq cərrahının, torakal cərrahın, reanimatoloqun, travmatoloqun və neyrocərrahın baxışı təmin olunub. Birgə konsiliumun nəticəsinə uyğun olaraq hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir”, – məlumatda qeyd olunub.
Basta