Əhalinin sosial durumunu ağırlaşdıran addımlara son qoyun – Müsavatdan çağırış

Oktyabrın 27-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər və rayon təşkilatlarıının toplantıları barədə məlumat dinlənilib.

Müsavat Məclisinin sədri Arif Hacılı Brüsselə rəsmi səfəri, Avropa Liberal Demokrat İttifaqının (ALDE) qurultayında iştirakı və keçirdiyi görüşlər barədə məlumat verib. O, qurultayda və keçirdiyi görüşlərdə Azərbaycanın və demokratik düşərgənin maraqlarını təmsil etdiyini bildirib.

Daha sonra ölkədəki ictimai-siyasi proseslər müzakirə edilib.

Divan üzvü Fəridə Ələsgərli siyasi məhbus Azər Qasımlının məhkəmə prosesi barədə məlumat verib. Divan üzvü Mirbaba Babayev “Toplum TV” işi üzrə məhkəmə prosesi barədə məlumat verib.

Oktyabrın 23-də Şirvan Apelyasiya Məhkəməsində Müsavat Partiyasının Məclis üzvləri Ələddin Ələsgərli, Qoşqar Nuralı və partiya fəalı Cabir Vəliyevin işi üzrə apelyasiya şikayətinə baxılıb. Divan üzvü Yusif Mehdi məhkəmə prosesi barədə məlumat verib. Məhkəmə zərərçəkən kimi tanınan şəxsin barışıq ərizəsi yazmasına baxmayaraq hər üç müsavatçını həbsdə saxlayıb. Müsavat Partiyası hökmün əsassız olduğunu və siyasi sifarişlə çıxarıldığını bəyan edir, Biləsuvar müsavatçılarının və ölkədəki bütün siyasi məhbusların azadlığa buraxılmasını bir daha tələb edir.

Respublikanın müxtəlif rayonlarında dabağ xəstəliyinin geniş yayılması haqda məlumatlardan narahatlıq ifadə edilib. Qeyd olunub ki, hökumət bu problemi aradan qaldırmaq üçün keyfiyyətli peyvəndləmə təşkil etməli, fermer təsərrüfatlarına və maldarlıqla məşğul olan şəxslərə yetərli maddi dəstək verməli, bu sahədə də inhisarçı davranışla istehlakçıları daha da ağır vəziyyətə məruz qoymamalıdır.

Gələn ilin büdcə layihəsində icbari tibbi sığorta üçün nəzərdə tutulan məbləğin ciddi şəkildə azaldılması pislənilib. Qeyd edilib ki, bu layihə qəbul olunarsa, Azərbaycanda əhalinin, xüsusilə aztəminatlı təbəqələrin tibbi sığortadan istifadə imkanları ciddi şəkildə məhdudlaşacaq. Müsavat Partiyası hakimiyyəti əhalinin sosial durumunu ağırlaşdıran addımlara son qoymağa çağırır.

Sonda cari məsələlər müzakirə olunub.