Azərbaycanlı yazıçıdan İsveçin xarici işlər nazirinə açıq məktub: “Atəşkəs münaqişəni həll etmir”
Hazırda İsveçdə yaşayan yazıçı Vahid Qazi bu ölkənin xarici işlər naziri Ann Lindeyə açıq məktubla müraciət edib. “Məktubun İsveç mətbuatında dərcinə bu gün də cəhd edəcəyik” – deyə, Vahid Qazi bildirib.
.
Müraciətdə deyilir:
.
“İsveçin xarici işlər naziri xanım Ann Lindeyə
.
Günaydın, Ann!
.
Tvitter səhifənizdə bir paylaşım marağıma səbəb oldu. Yazırsınız: ”Azərbaycanla Ermənistan arasında döyüşlərin başlamasından narahatam. Dərhal dayandırılmalıdır”. Həmçinin qeyd edirsiniz ki, vəziyyətdən sülh yolu ilə çıxmaq üçün bu həftə azərbaycanlı və erməni həmkarlarınızla danışacaq, müzakirələr aparacaqsınız.
.
Sizin bu məsələyə biganə qalmamanıza, təşəbbüsünüzə böyük dəyər verirəm. Məni sizə yazmağa sövq edən səbəb bu döyüşlərdə uşaqların ölüm xəbəri oldu. Bu günlərdə erməni bombardmanları nəticəsində Azərbaycanın Naftalan bölgəsində 13 və 14 yaşlı Fidan və Şəhriyar Qurbanovlar ailələriylə birgə həlak oldular.
.
Bu həftə siz Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəksiniz. İstərdim xatırladım ki, İsveç Dağlıq Qarabağ münaqişəsinin dinc çözülməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun üzvüdür. Təəssüf ki, 28 il ərzində sülhə nail olunmayıb. Mənim fikrimcə, problemin həllinə İsveç də məsuldur, odur ki, sizə müraciət etməyə qərar verdim.
.
Atəşkəs münaqişəni həll etmir, onu növbəti döyüşlərə qədər dondurur!
.
BMT Təhlükəsizlik Şurasının Ermənistan ordusunun Azərbaycan torpaqlarından dərhal, qeyri-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874, 884 saylı qətnamələrini yadınıza salmaq istəyirəm. Avropa İttifaqının qanunverici orqanı olan Avropa Parlamentinin qərarlarında da erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması tələb edilir. Münaqişənin yeganə həll yolu budur.
Ümid edirəm ki, söhbət zamanı Ermənistan xarici işləri nazirindən Ermənistan ordusunun Azərbaycan ərazisindən çıxarılmasını tələb edəcəksiniz.İsveç bütün dünyada neytral mövqeyi, sülhpərvər siyasətiylə tanınır. İnanıram ki, İsveç konfliktin ədalətli həllinə öz töhfəsini verə bilər.
.
Hörmətlə, Vahid Qazi
Yazıçı, publisist
29 sentyabr 2020
Helsinqborq, İsveç”
.
Basta