ManşetSiyasət

Bertrad Rassel — “Axmaqlığın zəfəri”

Həqiqət də, axmaqlığın öz yanlışlarını sırıdığı eyni ehtiras və enerji ilə müdafiə olunmalıdır

​Dünyanın hazırkı fəlakətlərinin kökündə dayanan əsas ümumi səbəb odur ki, müasir cəmiyyətdə beynəlxalq əməkdaşlığa və dözümlülüyə ehtiyac duyanlar, onun əksini düşünənlər qədər qətiyyətli deyillər. Dünyamız amansız millətçilik, iqtisadi izolyasionizm və demokratiyanın tənəzzülü ucbatından parça-parça olur. Bu bəlaların hər biri ilə yalnız onları yaradan keyfiyyətlərin tamamilə əksi olan dəyərlərlə mübarizə aparmaq mümkündür.

​Millətçiliyin qarşısını yalnız beynəlxalq əməkdaşlıqla almaq olar; iqtisadi təcridolunmanı yalnız hər kəsin rifahının hamının rifahından asılı olduğunu anlamaqla sağaltmaq olar; demokratiyanın tənəzzülünü isə yalnız düşüncə və müzakirə azadlığının ali nemət olduğuna inanmaqla dayandırmaq mümkündür.

​Lakin dağıdıcı doqmalardan fərqli olaraq, liberal doktrinaların heç biri coşğu ilə təbliğ edilmir.

Müasir dünyanın əsas problemi ondadır ki, axmaqlar özlərindən tamamilə əmindirlər, ağıllı insanlar isə şübhə və tərəddüd içindədirlər. Əgər ağıllı insanlar öz baxışlarına axmaqlar qədər inansaydılar, dünya sürətlə daha yaxşı bir yerə çevrilərdi. Lakin qətiyyətli olmaq üçün ağıllı insan bir çox faktlara göz yummalıdır, bu isə onun mahiyyəti etibarilə edə bilmeyəcəyi bir şeydir.

​Götürək, məsələn, beynəlxalq qarşılıqlı anlaşmanı. Bunu müdafiə edən şəxs anlayır ki, digər ölkələrin də öz qanuni maraqları var, müharibə hər iki tərəfə ziyan vurur və nifrət insanı kor edir. Məhz bu anlayışa görə onun çıxışları adətən mülayim, ölçülü-biçilidir və kütlələri alovlandıran o ehtirasdan məhrum görünür.

​Digər tərəfdən, millətçi yalnız öz ölkəsini görür. O, ən ibtidai və güclü instinktlərə — yadellilərdən qorxmağa və öz qəbiləsi ilə qürur duymağa asanlıqla xitab edir. Onun arqumentləri sadə, şüarları asan yadda qalan, əminliyi isə yoluxucudur. Nəticədə milyonlarla insan fəsadlar barədə düşünmədən onun ardınca gedir.

​Eyni şey iqtisadiyyatda da baş verir. İqtisadi təcridolunmanın təbliğatçıları sürətli və sadə həll yolları vəd edirlər: “Yerli istehsalçımızı qoruyaq!”, “Xaricilərin pullarımızı aparmasına imkan verməyək!”. Beynəlxalq ticarətin mürəkkəb mexanizmlərini anlamayan insan üçün bu, inandırıcı səslənir. Gömrük rüsumlarının nəticədə ölkənin özünü yoxsullaşdıracağını izah etməyə çalışan iqtisadçı isə uzun-uzadı arqumentlər və rəqəmlər gətirməyə məcburdur. Heç kim onu dinləmək istəmir, çünki axmaqlıq asan çıxış yolu təklif edir, ağıl isə intellektual səy tələb edir.

​Axmaqlığın bu zəfərinin ən təhlükəli təzahürü azadlığa və demokratiyaya inamın itməsidir. Biz müxtəlif ölkələrdə insanların onlara nizam-intizam və əzəmət vəd edən diktatorlar naminə öz azadlıqlarından könüllü olaraq necə imtina etdiklərini görürük. Diktator həmişə özünə əmindir. Onun heç bir şübhəsi yoxdur. O, düşmənin kim olduğunu və nə etmək lazım olduğunu dəqiq bilir. Və bu kor-koranə əminlik kütlələri hipnoz edir.

​İntelektuallar və liberallar həqiqətin sadəcə öz haqlılığı sayəsində, öz-özünə qalib gələcəyini düşünməklə səhvə yol verirlər. Bu belə deyil. Həqiqət də, axmaqlığın öz yanlışlarını sırıdığı eyni ehtiras və enerji ilə müdafiə olunmalıdır. Ağıllı insanlar hər addımından şübhələnən passiv müşahidəçilər olaraq qaldıqca, dünya heç nə bilmədiyi üçün heç nədən şübhələnməyənlərin ixtiyarında qalacaq.

​Bizə yeni bir qətiyyət lazımdır. Faktlara göz yuman fanatizm yox, zəkanın, ədalətin və azadlığın bəşəri sivilizasiyanın üzərində dayana biləcəyi yeganə sütunlar olduğuna dair sarsılmaz bir əminlik. Şübhə dərketmə aləti kimi faydalıdır, lakin hərəkət etmək iradəsini iflic edəndə fəlakətə çevrilir.

*** İngilis filosofu və yazıçısı Bertrad Rasselin bu məqaləsi 1933-cü ildə Almaniyada Adolf Hitlerin hakimiyyətə gəlməsindən az sonra ABŞ mətbuatında dərc edilib. Yazıda sadalanan bir sıra problemlər bu gün yenidən aktuallaşıb. 

Tərcümə: Mustafa Hacıbəyli