“Zaqatala elə bil Azərbaycanın şəhəri deyil, ayırıb atıblar bir tərəfə”

Prezident İlham Əliyevin çərşənbə günü Zaqatala-Balakən bölgəsinə getdiyini eşidən bəzi yerli sakinlər problemlərini ona danışmaq istəsələr də, buna nail ola bilməyiblər.

Zaqatala sakini Xanım Şabanova Prezidentin regiona səfəri barədə eşidəndə dərdini məktuba töküb ki, kağızı İlham Əliyevə versin. Amma gözü yolda qalıb: “Həmişə bu vaxt bizi aldadırlar, deyirlər prezident gəlir, gəlir, amma gəlmir”.

İlham Əliyev iyulun 29-da Qobustan və İsmayıllı rayonlarına səfərindən sonra Balakən rayonuna gedib.

Xanım Şabanova deyir ki, bu gün də Prezidentin rayona gəlişini gözləsələr də, daha sonra qonşularından səfərin “şayiə” olduğunu və İlham Əliyevin Zaqatalaya gəlməyəcəyini eşidib.

Kömək istəyə biləcəyi başqa ünvan qalmadığını söyləyən Xanım Şabanova məktubunda özünün və tək oğlunun çətin həyatından, işsizlikdən söz açıb, Prezidentdən həyat şəraitinin yaxşılaşdırılmasını və iş tapmağa yardım göstərməsini istəyib.

“Çox çətin vəziyyətdəyəm. Oğlumu Bakıda karantinə görə işdən çıxarıblar, ev sahibi də evdən atıb, gah tikintidə qalır, gah kafedə. Mən Zaqatalada bir otaqlı uçuq bir evdə qalıram, iş tapa bilmirəm. Karantində də nəyim var, nəyim yoxdur, satmışam. Hansı problemi desəm axı? Utanıram artıq. Zaqatala elə bil quruyub, leysan yağışlardan başqa heç bir şey yoxdur. Zaqatala elə bil Azərbaycanın şəhəri deyil, ayırıb atıblar bir tərəfə, hər şeyindən istifadə edirlər, amma insanlarına əziyyət edirlər. Hamı işsizdir,”- Xanım Şabanova əlavə edir.

46 yaşlı Zaqatala sakini deyir ki, bu ilin mart ayında eyni problemlərlə bağlı 1-ci vitse-prezident Mehriban Əliyevaya məktub göndərib, amma hələ cavab ala bilməyib.

Xanım Şabanova söyləyir ki, indiyədək İlham Əliyevə 10 dəfə məktub yazsa da, daha sonra onları “cırıb atıb”, göndərə bilməyib, çünki Zaqatalada Prezidentə yazılan məktubun “rayonun hüdudlarından çıxacağına” inanmırlar.

“Bəlkə on dəfə prezidentə məktub yazıb, sonra cırmışam. Yazanlar deyir, xeyri yoxdur. Qonşulardan bəziləri xəstəlik, bəziləri işsizlik barədə məktub yazıb göndərib. Zaqataladan göndərilən hansısa məktuba cavab gəldiyini görməmişik, ya məktublar Zaqataladan kənara çıxmır, ya da baxılmır. Bəlkə də Prezident əmr verir ki, bu ailələrlə maraqlanın, maraqlanmırlar”.

“İmkan vermirlər Prezident insanlarla görüşsün”

Zaqatala rayonunun Yuxarı Tala kənd sakini Bəxtiyar Ağayev deyir ki, sadə vətəndaşlar “prezidentlə görüşə bilmir”.

“Bilmirəm, görüşlər Bakıdanmı belə təşkil olunur, ya rayon rəhbərliyi səviyyəsində, prezidentin keçəcəyi güzərgaha 500 metr qalmışadək yolları bağlayırlar, insanları buraxmırlar. Hər halda, çox insanlar Prezidentlə görüşmək, dərdlərini demək istəyərdilər. Bizim rayonda sadə vətəndaşın Prezidentlə görüşü indiyədək olmayıb. Əvvəlki səfərlərindən də kadrlardan görmüşük ki, Prezidentlə görüşə buraxılanlar hər dəfə eyni adamlardır, yəqin ki, rayon rəhbərliyi tərəfindən yoxlanılmış, onların təbilincə, artıq sual verməyən etibarlı adamlardır”.

Prezident Administrasiyasından bu məsələlərlə bağlı suallara cavab almaq mümkün olmayıb.

Bəxtiyar Ağayev söyləyir ki, onun Prezidentlə görüşmək imkanı olsaydı, rayonun su problemi və müxtəlif illər ərzində fəaliyyət göstərən icra hakimiyyəti başçılarının işindən narazılığını bildirmək istəyərdi.

“Zaqatalanın dörd icra başçısı olub. Prezidentdən soruşardım ki, siz icra başçılarını göndərirsiniz, amma onlar niyə belə işləyirlər? İcra başçısı gəlir, işləyir, çıxıb gedir, amma problemlər üst-üstə yığılıb qalır. Əgər Prezident o boyda yolu gəlirsə, yerində baxmaq üçün gəlir ki, görsün verdiyi tapşırıqlar yerinə yetirilirmi. Əgər yolları bağlayırlarsa, insanları Prezidentlə görüşməyə qoymurlarsa, deməli, rayon rəhbərliyi özləri haqda mənfi rəy bildirən adamın olmasını istəmir. İstəyərdim səmimiyyət olsun. İmkan vermirlər Prezident insanlarla görüşsün”.

Cənab Ağayev dilə gətirmək istədiyi yerli problemlər barədə İlham Əliyevə dəfələrlə məktub göndərdiklərini, lakin bu məktublara “standart cavab aldıqlarını” deyir.

“Rayonun su problemi barədə dəfələrlə Prezidentə məktub yazmışıq, sonuncunu da may ayında göndərmişik. Biz məktubu Prezidentə yazırıq, cavab Zaqatala Rayon İcra Hakimiyyətindən gəlir. Məktubda da deyirlər ki, sizin Prezidentə yazdığınız məktuba cavab olaraq bildiririk ki, hər şey qaydasındadır, hər şey əladır, daha da yaxşı olacaq. Mən də hiss edirəm ki, o məktublar ya heç Prezidentə gedib çatmır, ya da Prezident Aparatından bunların üstünə qaytarırlar”.

“Ən kiçik vəzifəli nazir də gəlsə, yollar bağlanır”

İyulun 29-da Balakən rayonuna səfər edən İlham Əliyev Balakəndə uşaq məktəbinin, avtomobil yolunun və bir neçə mərkəzin açılışında iştirak edib, – president.az saytı yazır.

Balakənin Mahamalar kənd sakini Sabir İsmayıloğlu deyir ki, öz işləri üçün Balakən şəhərinə getmək istəsə də, yolların bağlandığını, “mərkəzi yollara girməyə icazə olmadığını” görüb.

“Həmişə belə olub ki, rayona ən kiçik vəzifəli nazir də gəlsə, yollar bağlanır, bilmirəm, dövlətimizin qanunu belədir, ya nədir, amma belədir”, – Sabir İsmayıloğlu söyləyir.

Cənab İsmayıloğlu söyləyir ki, rayonda Prezidentlə görüşə buraxılan insanlar həmişə “müəyyən insanlar olur və onlar əvvəlcədən hazırlanır”.

O deyir ki, İlham Əliyevlə görüşə bilsəydi, ona Balakəndə azsaylı xalqların, avarların rayonun ictimai-siyasi həyatında iştirak etməsi barədə istəklərini, su-tikinti məsələləri və işsizlik barədə fikirlərini bildirərdi.

“Avarların bir millət vəkili olsaydı, öz sözlərini deyə bilərdilər. Bundan başqa, indi Balakəndə su kanalına beton tökürlər, çox yaxşı, çox gözəl tikirlər, sevinirik, amma bu iş yaydamı olmalı idi? Millət susuzdur. Bunu qışda etmək olardı. Bakıdan içi dolu palçıqlı, zibilli kanalizasiya borularını gətirdilər, rayona su çəkdilər. Hər ay boru partlayır, dağılır, su kəsilir. Rayonun nə qədər camaatı iş üçün Rusiyadadır, oxuyub iş tapa bilməyənlər nə etməlidir?”

Ötən il vətəndaşlar Prezidentə nədən yazıblar?

Vətəndaşlar 2019-cu ildə Prezidentə ən çox hüquq-mühafizə və məhkəmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyəti, bank əməliyyatları, kreditlərin verilməsi, əmək mübahisələri, işdən çıxarılma, vətəndaşların mərkəzi və yerli qurumlarda qəbulu və müraciətlərinə baxılması, səhiyyə, torpaq sahələrinin zəbt edilməsi barədə yazıblar.

2019-cu ildə vətəndaşların müraciətlərini araşdıran Prezident Administrasiyasının vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov Xalq qəzetində dərc edilmiş məqaləsində yazır ki, bəzi şəhər, rayon icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayətlər daha çoxdur.

“Müraciətlərdə narahatlıq doğuran məsələ odur ki, vətəndaşlar yerli qurumlarda həll olunmalı, yaxud izahat verilməli məsələlər barəsində Prezident Administrasiyasına yazırlar”, o qeyd edib.

BBC