Media haqqında qanun layihəsi – konsensus barədə danışmaq tezdir

Medianın İnkişafı Agentliyi (MEDİA) dekabrın 22-də öz mənzil-qərargahında media haqqında qanun layihəsilə bağlı keçirilmiş müzakirələrə dair məlumat yayıb.

 

Müzakirədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, deputat Qüdrət Həsənquliyev, Azərbaycan Jurnalistlər İttifaqının sədri Elçin Şıxlı, Turan İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, APA İnformasiya Agentliyinin təsisçisi Vüsalə Mahirqızı, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, həmçinin bir sıra media subyektlərinin nümayəndələri iştirak ediblər.

 

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov görüşdə səslənən sualları ətraflı cavablandırıb, rəy və təkliflərə öz münasibətlərini bildiriblər.

 

“KİV haqqında” qanun layihəsinin müzakirəsi davam edir, MEDİA-nın lakonik məlumatı belə bitir.

 

Hökumətyönlü KİV-lər görüşün nəticəsini görüş iştirakçıları arasında müəyyən konsensusa nail olunma kimi elan etməyə tələsiblər.

 

Qeyd etmək lazımdır ki, bu tələsik, həqiqətəuyğun olmayan nəticədir,  çünki yekun nəticə, yəni müstəqil jurnalistlərin, ekspertlərin  təkid etdikləri kimi qanun layihəsinə yenidən baxılması yoxdur. Yeganə nailiyyət kimi qanun layihəsinə hazırkı formada lobbiçilik edən şəxslərin anlayış göstərməsini, opponentlərin qanun layihəsinə iradlarını və arqumentlərini nəzərə almasını göstərmək olar.

 

MEDİA-nın məlumatı “Media haqqında” qanun layihəsinin ictimai dinləmələri çərçivəsində növbəti müzakirə keçirilib” başlığı ilə verilib.

 

Ancaq qeyd etmək lazımdır ki, müzakirə zamanı mən dedim ki, qanun layihəsi depulatlar tərəfindən müzakirə olunana qədər ictimai dinləmələrin aparılması bizə hələ iyun ayında vəd edilmişdi. Lakin qanun layihəsi dekabrın 10-da parlamentə təqdim edilib və ictimai müzakirələrsiz iki oxunuşda tələm-tələsik qəbul edilib. İctimai müzakirələr dedikdə, bütün informasiya cameəsinin prosesdə iştirakı nəzərdə tutulur. Qanun layihəsinin müəllifləri bizi inandırmağa çalışırlar ki, sənəd yalnız jurnalistləri əhatə edir. Lakin əslində o, bütün cəmiyyəti əhatə edir, çünki qanun layihəsində deyilir ki, kütləvi informasiya istehsalçıları onları iki nəfərdən çox adama yayan şəxslərdir.

 

Digər tərəfdən, bu gün KİV informasiyanın istehsalı və yayılması üçün eksklüziv hüququnu itirib, hətta onun istehsalında cəmiyyətə və ya xalq jurnalistikası adlandırılan jurnalistikaya güzəştə getməyə başlayıb. Reallıqlardan çıxış edərək, mən qanun layihəsini bütün informasiya birliyinin maraqlarının əhatə olunması baxımından hazırlanmasını təklif etdim.

 

İnformasiya məkanında yaranmış tamamilə yeni fenomeni – bütün cəmiyyətin müxtəlif növ informasiyanın istehsalına və yayılmasına cəlb edilməsini nəzərə alaraq, mən qanun layihəsini təxirə salmağı və Azərbaycanın informasiya cəmiyyətinin konsepsiyasının, bu cəmiyyətin inkişafı üzrə proqramların hazırlanmasına başlamağı və yalnız bundan sonra bugünkü reallıqların və gələcək çağırışların daha aydın başa düşülməsi halında qanun layihəsinin işlənməsinə başlamağı təklif etdim.

 

Qanun layihəsinin indiki şəkildə qəbul edilməyə hazır olmamasını məzmunun qeyri-müəyyən olması, dəqiq formulların olmaması, ziddiyyətlərin, bəzi müddəaların ikimənalı olması təsdiq edir.

 

Məsələn, qanun layihəsinin əsas tərəflərinə nəzər salsaq, bu ziddiyyət və qeyri-müəyyənlik bəlli olur.

 

1. Qanun “Media haqqında qanun” adlanır. Media nədir? Biz bu söz altında KİV, yoxsa bütövlükdə cəmiyyəti başa düşürük? Tərtibçilər KİV deyirlər. Amma əslində, birincisi, bu termin daha geniş məna daşıyır və bütün cəmiyyəti əhatə edir, ikincisi, layihədə üstüörtülü subyektlik və bütün cəmiyyətin məsuliyyəti yer alıb.

 

2. Bibliya “Öncə söz olub” mesajı ilə başlayır. Və bu mesaj bəşər sivilizasiyasının informasiya inkişafının təməl daşına çevrilib. Hazırkı qanun layihəsi media anlayışının təməl daşı “kütləvi informasiya” terminindən başlayır. Qanun layihəsində bu termin peşəkar jurnalist sexinin törəməsi kimi şərh edilib. Əslində kütləvi informasiya termini kütləvi şəkildə yayılmış informasiya deməkdir və onun istehsalçısı bütün cəmiyyətdir. Bu, artıq qanun layihəsinin mənasını dar jurnalistikadan geniş ictimaiyyədək kökündən dəyişir.

 

3. Qanun layihəsində “platforma” terminindən istifadə olunur. Bu,  KİV, Televiziya, informasiya əldə edilməsi haqqında mövcud qanunlarda yoxdur. Bir sözlə, informasiya sahəsini əhatə edən qanunvericilikdə. Qanun layihəsinin müəllifləri bizi inandırmağa çalışırlar ki, bu termin yalnız rəqəmsal və kabel televiziyası sahəsinə aiddir.

 

Lakin platforma anlayışı beynəlxalq praktikada İnternet törəmələri olan meydançalar kimi istifadə olunur. Və istənilən veb-sayt, personal səhifə və s. bir platformadır. Görüşdə aydın oldu ki, tərtibçilər qanun layihəsində platforma terminini dəqiqləşdirməkdən yayındılar.

 

Layihə göstərilir ki, platforma dövlət tərəfindən lisenziyalaşdırılır, bu isə o deməkdir ki, belə tərif təkcə TV-nin yox, bütün İnterneti lisenziyalaşdırma hüququ verir. Və bu da dövlətə bütün İnternet məkanına nəzarət etmək üçün geniş səlahiyyətlər verir. Nəticədə, Əli Hüseynli bu məntiqlə razılaşıb və tərtibatçılara platforma anlayışını qanun layihəsinə daxil etməyi tapşırıb.

 

Digər məsələlər, o cümlədən dünya praktikasında analoqu olmayan məsələlər də mübahisəli olaraq qalıb. Məsələn, qanun layihəsində nəzərdə tutulduğu kimi, dövlət tərəfindən jurnalist vəsiqələrinin verilməsi, KİV-in vahid dövlət reyestrinin tətbiqi və nəhayət, qanun layihəsinin müddəalarının beynəlxalq öhdəliklərə və Azərbaycan Konstitusiyasına uyğun gəlməməsi.

 

Əli Hüseynli bu məsələni müzakirə etmək üçün hüquq sahəsində ekspert Ələsgər Məmmədlini dekabrın 23-də parlamentə dəvət edib.

 

Mehman Əliyev, Turan İnformasiya Agentliyinin direktoru

 

Turan