Media haqqında qanunda yayım platformalarının tənzimlənməsi məsələsi dəqiqləşdiriləcək

Media hüquqları sahəsində ekspert Ələsgər Məmmədli dekabrın 23-də parlamentə media haqqında qanun layihəsinin müzakirəsinə dəvət olunub.

 

Görüş dekabrın 22-də Medianın İnkişafı Agentliyində müstəqil jurnalist və ekspertlərin görüşü ilə aparılan müzakirələrin davamı olub.

 

Parlamentdə Məmmədli qanun layihəsinin vitse-spiker və parlamentin Hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli və Medianın İnkişafı Agentliyinin rəhbəri Əhməd İsmayılovla müzakirə edib. Bu barədə Məmmədli öz facebook səhifəsində yazıb.

 

Bəzi məsələlərdə mövqələr bir-birinə yaxınlaşıb, qısmən konsensus olub, bəzi məsələlər isə açıq qalıb.

 

Ümumi konsensusa gəlinən məsələlərdən biri bütün platforma yayımçılarının lisenziyalı fəaliyyət göstərməsini nəzərdə tutan (30.2 maddə) müddəaya daha aydın qeydin razılaşdırılması olub. Yeni razılığa görə, yalnız o platforma yayımçısı lisenziyaya müraciət edəcək ki, onun arzusu peyk yayımlanan operatorunun xidmətindən istifadə etmək olacaq.

 

Müzakirələr zamanı Məmmədli “Jurnalistlərin fəaliyyəti” başlıqlı 7-ci fəslin ümumiyyətlə qəbuledilməz olduğunu bildirib. Xüsusən, vahid jurnalist vəsiqəsinin tətbiq edilməsi yolverilməzdir, bu, “akretitasiya kartı ilə tənzimlənməlidir”. Bu kart imtiyaz yaratmamalı, ictimai açıq informasiyalar üçün heç bir məhdudiyyət olmadan bütün jurnalistlər üçün açıq olmalıdır.

 

Jurnalistlər üçün tələb olunan şərtlər – staj, məhkum olunmamaq və s. qanunun predmeti olmamalıdır. “Bu istiqamətdə fikirlərimiz xüsusilə Əhməd İsmayılovla uzlaşmadı.

 

Qaldırdığım bəzi texniki qanunvericilik problemləri pozitiv qarşılandı və zəruri düzəlişlərin ediləcəyinə dair fikir bəyan edildi”, deyə Məmmədli qeyd edib.

 

Müzakirə tam yekunlaşmayıb, Məmmədliyə digər təklifləri yazılı formada təqdim etmək təklif olunub.

 

“Media haqqında qanun layihəsi cəmiyyətin hər fərdinin önəmsədiyi məsələdir. Hökumətin bu sahədəki tənzimləməsi oldu-bittiyə gəlməməli, medianın fəaliyyətinə problem yaradan bütün məqamlar vahid təklif formatında parlamentdə müzakirə edilməli, lakin öncə media ictimaiyyətinin peşəkarları ilə daha işçi səviyyədə konsensusa çalışılmalıdır. Ölkə mediasının imkişafı çoxsaylı məhdudiyyətlərlə yox, media azadlığının gerçək formada təminindən keçir”, deyə Məmmədli qeyd edib.

 

Turan