Ağ Ev Tokayevin “öldürün” əmrindən narahatdır

ABŞ administrasiyası Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin iğtişaşları yatırarkən, onlara xəbərdarlıqsız atəş açmaq barədə  əmrindən narahat olduğunu bildirib və beynəlxalq ictimaiyyətin ölkədə insan hüquqlarına riayət olunmasına nəzarət edəcəyi ilə bağlı xəbərdarlıq edib.

 

Ağ Evin sözçüsü Karin Jean-Pierre jurnalistlərə bildirib ki, “Bu sərəncam narahatlıq doğurur və dünya birliyi  insan hüquqlarının pozulmasına və lazımi prosedurlara diqqət yetirəcək”.

 

Onun sözlərinə görə, ABŞ Qazaxıstan hökumət qüvvələrini asayişi bərpa etmək üçün təmkinli olmağa çağırır.

 

Həmçinin, Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatı Qazaxıstan hakimiyyətini həyata keçirilən qondarma “antiterror əməliyyatları” çərçivəsində təhlükəsizlik qüvvələrinə “xəbərdarlıq etmədən atəş açmaq” əmrini dərhal ləğv etməyə çağırıb.

 

Təşkilatın bununla bağlı rəsmi bəyanatında deyilir ki, bu tədbirlər “Qazaxıstanın yaşamaq hüququna hörmət və mühafizə üzrə beynəlxalq hüquqi öhdəliklərini pozur”.

 

HRW qeyd edib ki, hakimiyyət “gücdən, xüsusən də öldürücü gücdən yalnız son çarə kimi istifadə etməli” və müvafiq qurumlar “zorakılıq və qeyri-qanuni qətllərlə bağlı məlumatları dərhal, müstəqil və hərtərəfli araşdırılmasını təmin etməlidir”.

 

Yanvarın 7-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədəki vəziyyətlə əlaqədar hüquq-mühafizə orqanlarına və orduya xəbərdarlıq etmədən atəş açmağı əmr edib.

 

Basta