Rusiya Ukraynanı Xəzərdən vurur
Mayın 3-də axşam saatlarında rus qoşunları Ukraynanın müxtəlif bölgələrinə, əksəriyyəti Xəzər dənizindən olmaqla 20-dən çox raket zərbəsi endirib.
Bu haqda Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat məlumat verib.
O, bildirib ki, mayın 3-ü axşam saatlarında Ukraynanın bir sıra şəhərləri raket atəşinə məruz qalıb: “Rusiyanın strateji bombardmançı təyyarələri olan Tu-95 və ya Tu-160 Xəzər regionundan Ukraynaya raket zərbələri endirib. Dnepropetrovsk, Kirovoqrad, Lvov, Vinnitsa, Kiyev və Transkarpat vilayətlərinə təxminən 18 raket atılıb. Digər vasitələrdən də Odessa və Donetsk vilayətlərinə raket zərbələri endirilib. İlkin məlumatlara görə, mayın 3-də gün ərzində Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının hava hücumundan müdafiə qüvvələri ən azı 8 raketi göydə vurub. 7 pilotsuz uçuş aparatının bir qanadlı raketin də havada məhv edilməsi barədə məlumat var”.
Yuri İqnat işğalçıların öz təyyarələrini və helikopterlərini qoruduğuna görə Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan hava məkanına daxil olmadığını diqqətə çatdırır.
Eyni zamanda, Ukrayna aviasiyası gün ərzində onlarla uçuş həyata keçirib. Ukrayna qırıcıları Rusiyanın silah-sursat anbarlarına və canlı qüvvənin cəmləşdiyi yerlərə təxminən on raket və bomba zərbəsi endirib.
“Ukrainskaya pravda”