Müsavat mayın 28-də bayram mitinqi keçirəcək

Mayın 23-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə təşkilati məsələlər müzakirə olunub,  Səbail, Şəki, Zaqatala, Qax, Qəbələ və Abşeron rayon təşkilatlarında keçirilən hesabat seçki yığıncaqları barədə məlumat dinlənilib.

Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dövlət başçıları arasında mayın 22-də aparılan sülh danışıqları barədə məlumat verilib. Müsavat danışıqların Rusiyanın iştirakı olmadan davam etdirilməsini və əldə olunan razılaşmalar barədə əhaliyə məlumat verilməsini tələb edir.

Hakimiyyət nümayəndələrinin Müsavat başqanının müavini Fərəc Kərimliyə qarşı əsassız  ittihamları pislənilib.

Azərbaycan hakimiyyətinin razılığı olmadan Xankəndində daha bir heykəlin qoyulması Qarabağda süni surətdə Rusiya “izlərinin” artırılmasına  xidmət edən addım kimi qiymətləndirilib, rəsmi Bakıdan bu məsələdə prinsipial mövqe tələb edilib.

Mayın 28-də saat 12:00-da Novxanıda  Məhəmməd Əmin  Rəsulzadənin heykəli qarşısında bayram mitinqinin keçirilməsi barədə qərar qəbul edilib.

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü və Donbasdakı son durum barədə fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.

 

Basta