Müsavat quru sərhədlərin açılmasını tələb edir
Mayın 31-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Nəsib bəy Yusifbəylinin qətlə yetirilməsinin 104-cü ildönümü ilə əlaqədar, onun xatirəsi sayğı duruşu ilə yad edilib.
Mayın 28-də Cümhuriyyət Günü ilə əlaqədar Novxanıda milli öndər Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə keçirilən bayram mitinqi, eləcə də Zaqatala, Şəki və digər bölgələrdə keçirilən tədbirləri yüksək qiymətləndirilib. Bayram günü ölkədə milli bayraqların asılmaması, ölkə başçısı İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına qarşı çıxışı pislənilib.
Təşkilati məsələlər müzakirə olunub. Ağcabədi, Beyləqan, Füzuli, Saatlı və Nizami rayon təşkilatlarında keçirilən hesabat-seçki yığıncaqları barədə məlumat verilib.
Koronavirus pamdemiyasının başa çatmasına baxmayaraq ölkənin quru sərhədlərinin bağlı qalması ölkə iqtisadiyyatına və əhalinin sərbəst hərəkətinə süni əngəl kimi qiymətləndirilib. Quru sərhəd yollarının açılması tələb olunub.
Avropa Liberal Demokrat İttifaqının (ALDE) yaxın günlərdə Dublində keçiriləcək konfransı haqqında məlumat verilib, Müsavat başqanı Arif Hacılı və onun müavini Səxavət Soltanlının həmin tədbirə dəvət olunduqları bildirilib.
Sonda cari məsələlər müzakirə olunub.
Basta