Azərbaycanda xüsusi karantin rejimi sentyabrın 1-dək uzadıldı

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadılıb.

Bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması, aprelin 15-dən isə Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilib.

Bununla yanaşı, 2022-ci il iyunun 21-dən etibarən xüsusi karantin rejimi ilə bağlı aşağıdakı məhdudiyyətlər ləğv edilib:

– ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması tələbi;

– şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi.

Amerikanın səsi