Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücum edildi – Video

Böyük Britaniya Azərbaycanın Londonda yerləşən səfirliyinə edilən hücumla bağlı hərtərəfli araşdırma aparır”, Britaniyanın Azərbaycandakı səfirliyi bildirib, BBC xəbər verir.

Cümə axşamı bir neçə şəxs Londonda Azərbaycan səfirliyinə hücum edib. Onlar səfirliyin yerləşdiyi binada Azərbaycan bayrağını çıxarıb yerinə dini şüar yazılmış bayraq taxıblar, divarlara, pəncərələrə ərəb dilində şüar yazıb və səsləndiriblər.

Britaniyanın Azərbaycandakı səfirliyi  Azərbaycanın London səfirliyinə daxil olan “etirazçıların hərəkətlərini pisləyib”.

Azərbaycan Xarici İşlər Nazirliyi hadisəni “bir qrup radikal dini dəstə”nin hücumu və “vandalizm aktı” kimi qiymətləndirib.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi cümə günü yaydığı bəyanatda bildirib ki, polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb və 8 nəfər həbs edilib”.

“Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan səfirliyi ilə əlaqə saxlayır”, – səfirliyin bəyanatında əks olunub.

***

Turan agentliyinin məlumatına görə, yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.

Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi bunu “bir qrup radikal dini dəstənin hücum”u kimi xarakterizə edib.
Müsavat başqanı Arif Hacılı qeyd edib ki, bu bir binaya, bir səfirliyə olan hücum deyil, bu Azərbaycan dövlətinə qarşı hücumdur.
“Bu aksiyanı təşkil edənlər, onların hər hansı ölkədə, o cümlədən Azərbaycanda olan havadarları tapılıb layiq olduqları ən ağır cəzaya məhkum edilməlidir” – deyə, Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

BBC xəbər verir ki, Britaniyanın Metro saytı səfirliyə hücum edən şəxslərin Mehdinin Nökərləri Birliyinin üzvləri olduğunu yazıb.

Mehdinin Nökərləri Birliyinin saytında bildirilir ki, onlar İmam Mehdinin zühuruna hazırlaşan müsəlmanlar arasında qlobal birlikdir. Buna “İslam Rafizi dəyərlərinə uyğun imanla irəliləmək və şiə sivilizasiyasının dominantlığına nail olmaqla” hazırlaşırlar.

Azərbaycan XİN bildirib ki, səfirliyin binasına daxil olmağı bacaran “radikal dini dəstə üzvləri “vandalizm aktı” törədib, binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. “Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır”, – Azərbaycan XİN bəyan edib.