“Siyasi partiyalar haqqında yeni qanun müxalifətə qarşı yönəlib”
“Siyasi partiyalar haqqında yeni qanun layihəsi qəbul olunarsa, bundan sonra partiyalar ildə 2 dəfə müvafiq icra hakimiyyəti orqanına partiya üzvlərinin reyestrində edilən dəyişiklər barədə məlumat verməlidir. Yəni, partiya yeni üzv qəbul olunan şəxslər barədə Ədliyyə Nazirliyinə hər 6 aydan bir hesabat verilməlidir. Bu, hakimiyyətə imkan verəcək ki, müxalif partiyalara üzv olan şəxslərə təzyiq etsin, onları ya partiyadan uzaqlaşdırsın, ya təqib altnda saxlasın. Yeni layihədə olan bu və digər maddələr müxalifətə qarşı yönəlib”.
Bunu Müsavat Partiyasının Divan üzvü Mustafa Hacıbəyli “Siyasi Partiyalar haqqında” yeni qanun layihəsinə şərh olaraq özünün feysbuk səhifəsində yazıb.
Qeyd edək ki, Milli Məclisin saytında siyasi partiyalar haqqında yeni qanun layihəsi dərc edilib. Layihəyə əsasən dövlət qeydiyyatından keçməyən siyasi partiyaların fəaliyyət göstərməsinə icazə verilmir.
Partiya son 20 il ərzində daimi olaraq Azərbaycanda yaşayan ən az 200 vətəndaş tərəfindən təsis edilə bilər. Təsis qurultayında bu vətəndaşlar şəxsən iştirak etməlidirlər.
Partiyanın dövlət qeydiyyatına alınması üçün ən az 10 min üzvü olmalıdır. Partiya üzvlərinin siyahısı dövlət reyestrinə daxil edilməsi üçün təqdim edilməlidir. Reyestrə dəyişikliklər ildə iki dəfə – yanvarın 15-nə qədər və iyulun 15-nə qədər təqdim edilməlidir. Partiyalar parlament, prezident və bələdiyyə seçkilərində ardıcıl olaraq iki dəfə iştirak etmədiyi təqdirdə dövlət qeydiyyatından məhrum edilə bilər.