İranın Bakıdakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib

Sentyabrın 29-da gündüz İranın Bakıdakı səfirliyinin binası qarşısında İranda vətəndaşların hüquqlarının pozulmasına və qadınlara qarşı repressiyalara etiraz aksiyası keçirilib.

Turan-ın müxbirinin hadisə yerindən verdiyi məlumata görə, aksiyanın onlarla iştirakçısı “Güney Azərbaycana azadlıq!”, “Rədd olsun molla rejim!”, “İrana ölüm!”, “Rədd olsun diktator!” şüarları səsləndirib.

Sonra onlar müraciəti oxuyub səfirliyə veriblər. Polis aksiyaya müdaxilə etməyib və aksiya insidentsiz keçib.

*Sentyabrın 16-da Tehranda əxlaq polisinin həbs etdiyi gənc qadın Məhsa Əmininin ölümündən sonra ölkədə kütləvi etirazlar başlayıb. İranın müxtəlif əyalətlərində etirazların yatırılması zamanı onlarla adam həlak olub.

Eyni zamanda Güney Azərbaycanda da etiraz aksiyaları başlayıb, etnik azərbaycanlılar milli-mədəni hüquqlarının təmin olunmasını tələb edirlər.

Turan