Arif Hacılı: “Parlament icra hakimiyyətinin əlavəsi kimi fəaliyyət göstərir”
“Azərbaycanda qanunvericilik funksiyasını həyata keçirən hakimiyyət qolu kimi parlament mövcud deyil. Azərbaycanda hakimiyyət əsasən icra strukturlarına aiddir və parlamentin hansısa məsələlərlə əlaqədar müstəqil qərarlar qəbul etmək imkanları yoxdur”.
KONKRET.az üçün bunları deyən Müsavat Partiyasının başqanı Arif Hacılı Milli Məclisə seçkilər zamanı saxtakarlıqlara yol verildiyini də vurğulayıb. Onun fikrincə, bu isə
Azərbaycan parlamentini cəmiyyətdən, deputatları da seçicilərdən ayrı salıb:
“Millət vəkilləri ilk növbədə seçicilərinin mənafelərini müdafiə etməlidirlər. Bütövlükdə seçicilərinin sosial problemləri və digər problemləri ilə də məşğul olmalıdırlar. Təbii ki, Azərbaycana aid qlobal məsələlərlə də məşğul olmaq deputatların vəzifə borcudur. Amma təəssüf ki, Azərbaycanda tamam başqa bir mənzərə mövcuddur. Parlament faktiki olaraq icra hakimiyyətinin əlavəsi kimi fəaliyyət göstərir”, – deyə Arif Hacılı fikrini yekunlaşdırıb.
KONKRET.az