Güney Azərbaycan təşkilatlarından kürd qruplaşmalarının torpaq iddiaları ilə bağlı çağırış

Güney Azərbaycan təşkilatları İran Kürdüstan Demokrat Partiyasının Qərbi Azərbaycan torpaqları ilə bağlı ərazi iddialarına cavab verib. 

Bununla bağlı yayılan bəyanatda deyilir:

“Pəhləvi və molla fars rejimlərinin son yüz ildə ölkə bölgüsü bəhanəsi ilə Güney Azərbaycanda fəal və məqsədyönlü siyasət yeritməsi, Azərbaycan türklərinin tarixi torpaqlarını parçalamaq istəyi hər kəsə aydındır.

Eyni zamanda, hər iki rejim Azərbaycan türklərinin xeyirxah ruhundan sui-istifadə edərək, tarixi Azərbaycan torpaqlarında başqa etnik qrupları məskunlaşdırmaqla bu torpaqlarda əhalinin tərkibini dəyişmək siyasətini davamlı olaraq həyata keçirmişlər”-deyə, bəyanatda bildirilir.

Güney təşkilatları hesab edir ki, bu mənfur siyasətin həyata keçirilməsində məqsəd bu torpağı parça-parça edərək Güney Azərbaycanın coğrafi sərhədlərini məhdudlaşdırmaq, türk xalqını Qərbi Azərbaycan torpaqlarından köç etməyə məcbur etmək və bu qürurlu millətin fars hökumətindən asılılığını artırmaq idi.

“Rəsmi mənbələrə görə, son 50 ildə İraq vətəndaşı olan yüz minlərlə kürd İranın işğalçı faşist rejimləri tərəfindən məqsədyönlü şəkildə Qərbi Azərbaycanın müxtəlif şəhərlərinə yerləşdirilib.

Bu hadisələr Azərbaycan türklərinin öz vətənlərindən didərgin salınması və ya kütləvi şəkildə öldürülməsi yolu ilə həyata keçirilib.

Əbdülrəhman Qasımlu adlı terrorçunun rəhbərlik etdiyi İran Demokratik Partiyasına bağlı minlərlə kürd terrorçunun 1980-ci ildə Sulduz (Nəqədə) şəhərində mitinq keçirmək bəhanəsi ilə Azərbaycan xalqının qətlə yetirilməsi danılmaz tarixi faktdır.

Baxmayaraq ki, Kirmanşah və Kürdüstan əyalətləri adlanan torpaqların böyük bir hissəsi əslində Azərbaycanın tarixi torpaqlarıdır və onlar inzibati ərazi bölgülərində fars işğalçı rejiminin siyasəti nəticəsində həmin əyalətlərə verilib.

İran rejiminin dəstəyindən yararlanan Demokratik Kürdüstan Partiyası Azərbaycan türklərinin əzəli və tarixi torpaqlarına qarşı əsassız ərazi iddiaları ilə çıxış etməkdə, silahlı terror fəaliyyətlərini davam etdirməkdədir”-bəyanatda belə deyilir.

Milli təşkilatlar bəyan edib ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bu terror təşkilatı 28 oktyabr 2022-ci il tarixdə rəsmi “tvitter” hesabında Qərbi Azərbaycanın Urmu şəhərini bir daha kürd şəhəri kimi qeyd edib.

“Özünü insan haqlarının müdafiəçisi adlandıran kürdlərin “Hanqau” insan haqları təşkilatı 21 sentyabr 2022-ci il tarixində “tvitter” hesabında Güney Azərbaycana qarşı eyni təxribatçı ərazi iddiasını paylaşmışdı.

Güney Azərbaycanın qərb bölgələrində terror aktları törətməklə bölgədə terror təhlükəsini yayan İran Kürdüstan Demokrat Partiyasına Güney Azərbaycan partiyaları olaraq şiddətlə xəbərdarlıq edirik və terrorçu qüvvələrin bölgədən, Güney Azərbaycan torpaqlarından çıxarılmasını istəyirik.

Eyni zamanda, Güney Azərbaycanın bütün partiyalarından kürd terror təşkilatlarını və onlarla bağlı medianı boykot etmələrini xahiş edirik.

Kürd terror təşkilatlarının Suriya və İraqda türklərə və ərəblərə qarşı törətdikləri cinayətlərə, onların etnik təmizləmələrinə diqqət yetirərək vətənimiz Azərbaycanı kürd ekspansionizminə qarşı qalibiyyətlə qorumaq üçün millətimizdən vahid mübarizəyə hazır olmağı xahiş edirik.

Millətimiz Güney Azərbaycanın kütləvi nümayişlərində kürd terror qruplaşmalarının tərəfdarlarının Azərbaycanın ərazi bütövlüyü əleyhinə şüarlar səsləndirməsinə imkan verməməli, eyni zamanda “Azadlıq, Ədalət, Milli Hökümət”, “bu torpaqdan pay olmaz, Urmu Kürdistan olmaz”, “Urmu gölu susuzdu, Azərbaycan oyanmasa uduzdu!”, “Nə şahçıyam nə şeyxçi, millətçiyəm millətçi”, “Azərbaycan milləti, çəkənməz bu zilləti” kimi Azərbaycan türkcəsində şüarlar səsləndirərək etirazlarını davam etdirsinlər.

İnanırıq ki, Türkiyə və Azərbaycan hökumətləri İran və kürd terror şəbəkələrinin Qərbi Azərbaycandakı bütün çoxtərəfli terror aktlarını diqqətlə izləyəcək və regionun təhlükəsizliyini təmin etmək üçün orada terrorun yayılmasının qarşısını alacaqlar”.
Bəyanatı
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC),  Güney Azərbaycan İstiqlal Partiyası (GAİP),  Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP),  Güney Azərbaycan Türk Demokratik Birliyi (GADTB) imzalayıb.

GünazTV