Danışıqların detalları açıqlanmadı
7 noyabr 2022-ci il tarixində Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşün keçirildiyi Blair House-da, nazirlər ABŞ dövlət katibi Entoni Blinkenlə də bir araya gəliblər.
Nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparıb, hələ də həll edilməli olan bir sıra məsələlər olduğunu qeyd ediblər. Hər iki tərəf Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 6-da Praqada, oktyabrın 31-də isə Soçidə keçirdikləri görüşlərdə götürdükləri öhdəlikləri bir daha təsdiq edib.
Onlar danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər.
Hər iki nazir Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə təşəkkürünü bildiriblər.
Danışıqların detalları açıqlanmayıb.