Türkiyə İranla gərginliklər fonunda birgə hərbi təlimlərlə Azərbaycana dəstək göstərir
İran qonşu Azərbaycanı Tehran rejiminə qarşı hökumət əleyhinə etirazların keçirildiyi vaxt ölkədə azərbaycanlı etnik azlığı qızışdırmaqda ittiham edir. Azərbaycan İranın iddialarını rədd edir. Türkiyə İranla gərginliklər fonunda Azərbaycanı açıq şəkildə dəstəkləyərək, birgə hərbi təlimlər keçirir.
Türkiyə və Azərbaycan silahlı qüvvələri bu ay İranla sərhəd yaxınlığında birgə hərbi təlimlər keçirib. Təlimlərdə yüksək rütbəli Azərbaycan və Türkiyə generalları iştirak edib. Bu güc nümayişi Tehrana siqnal vermək məqsədi daşıyır.
Məsut Casin, Türkiyə prezidentinin müşaviri
“Bu, İrana çox açıq siqnaldır. Siz Azərbaycanın müstəqilliyinə hörmət etməlisiniz, Azərbaycana, bu ərazidə hüquqlar, onun coğrafiyasına hörmət etməlisiniz. Əgər onlar [İran] orada [Azərbaycanla sərhəddə] hansısa təcavüzkar addım atsa, Türkiyə İrana cavab vermək üçün orada olacaq. Bu, çox aydındır”.
İranda rejim əleyhinə etirazlar davam etdiyi vaxt Tehran Bakını İranda çoxluqda olan azərbaycanlı azlığı qızışdırmaqda ittiham edir.
Rəsmi Tehran diplomatik hücumlarla yanaşı Azərbaycanla sərhəddə iki ölkəni ayıran çay boyu hərbi təlimlər keçirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun azərbaycanlı həmkarı İlham Əliyev müdafiə sahəsində birgə saziş imzalayaraq yaxın münasibətlər qurublar.
Zaur Qasımov, Bonn Universiteti
“Biz İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərin şahidi olduq. Onlardan bir neçəsi son aylarda ponton körpülərdən istifadə etməklə həyata keçirilib, ona görə də bu, İran ordusunun əslində nəyə hazırlaşdığına dair Bakı üçün çox aydın siqnal idi”.
Dağlıq Qarabağın Azərbaycan qüvvələri tərəfindən Ermənistanın dəstəklədiyi qüvvələrdən uğurla azad edilməsində Türkiyənin hərbi dəstəyi əsas rol oynayıb.
İsrail də Azərbaycana silah tədarük edən əsas ölkələrdən biridir; İranla mövcud gərginlik fonunda İsrail-Azərbaycan münasibətləri güclənir.
Qallia Lindenştrauss, Milli Təhlükəsizlik Araşdırmaları İnstitutu
“Azərbaycan İsrailin enerji təchizatçısıdır və təhlükəsizlik sahəsində əməkdaşlıq baxımından çox mühüm ölkədir. İran hesab edir ki, Azərbaycan İsrailə sərhədindən İranı hədəfə almaq üçün istifadə etməyə icazə verir. Azərbaycan isə İranda böyük sayda azərbaycanlı azlığın olmasına görə İranı təhdid edən ölkə kimi görür. Buna görə də bütün bu məsələlər bir araya gəldi və Bakının İsraildə səfirlik açmasına təkan verdi”.
Əliyev əvvəllər Tehranla qarşıdurmadan yayınırdı. Lakin güclü müttəfiqləri və son hərbi uğurları sayəsində o hazırda İranda azərbaycanlıları müdafiə edəcəyinə söz verərək, möhkəm mövqe tutur.
Zaur Qasımov Bonn Universiteti
“Bir neçə həftə əvvəl Azərbaycanın İsraildə səfirliyinin açılışı məsələsi oldu. Bütün bu addımlar onu göstərir ki, Bakı Tehranla münasibətlərində kifayət qədər sərbəstdir və bu, regionda yeni dinamika, eləcə də İranın rolunun azaldığını göstərir”.
Türkiyə və Azərbaycan arasında hərbi təlimlər çox güman ki, sonuncu təlimlər olmayacaq, belə ki, Ankara İranın hər hansı təhdidinə qarşı müttəfiqi Azərbaycanı dəstəkləyəcəyinə söz verib.
Amerikanın səsi