Tofiq Yaqublunun həyat yoldaşı aclıq aksiyasına qoşuldu
Yanvarın 5-dən aclıq edən Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu yanvarın 7-də ona dəstək məqsədi ilə aclığa başladığını bildirib. O Daxili İşlər Nazirliynin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində həyat yoldaşı ilə görüşündən sonra bu qərara gəlib.
Maya Yaqublu Turana müsahibəsində deyib ki, bu gündən həyat yoldaşına dəstək olaraq aclıq aksiyasına qoşulur.
“Bu gün sovqat apardım ki, bəlkə sovqatı götürərlər, Tofiq bəy aclığı dayandırar. Orada yemək olduqca keyfiyyətsizdir. Orada ancaq peçenye var. Tofiq bəy aclıq edir. Onunla görüşdüm. Vəziyyəti heç xoşuma gəlmədi. Qabaqlar aclır edəndə xəstəxanada sifəti necə idisə, indi də elə gördüm. Bu gündən mən də həyat yoldaşımın aksiyasına qoşularaq aclıq elan edirəm”, o Turana deyib.
O sual edib ki, ailələrinə qarşı nə qədər hücum olar?
“Bizim ailəni nə qədər zülm altına alarlar?” Maya Yaqublu qeyd edib.
O həyat yoldaşı ilə danışdığını deyib.
“Biz şüşə arakəsmənin arxasından bir-birimizlə danışdıq. Orada da mikrofon işləmirdi deyə bir-birimizi eşitmirdik. 10 dəqiqəyədək danışdıq, amma bir-birimizi zorla başa düşürdük. O elə bir insandır ki, səhhəti pis də olsa demir. Qan təzyiqi qalxıbmış, həkim dərman verib. O həkimin yanından çıxıb mənimlə görüşə gəldi”.
Tofiq Yaqublu bilidrib ki, onun haqq sözü eşidilməyincə aclığı davam etdirəcək.
“Mən də onun dedikləri ilə razıyam və ona qoşularaq bu gündən aclıq elan edirəm”, Maya Yaqublu Turana deyib.
Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.
Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.
Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib. Yaqublu ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilən aksiya ilə bağlı həbs edilən yeganə şəxsdir.
Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanlanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq aclıq elan etbiyini bildirib.
Tofiq Yaqublu buna qədər də dəfələrlə həbsdə olub.
İctimai fəal Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. Fəal xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Amma özü bu ittihamı qəbul etmir.
İctimai fəalın həbsi geniş tənqidlərə yol açıb. “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının təşəbbüsü ilə fəallar dekbarın 23-də Bakının mərkəzində Hcıyevin həbsinə etiraz olaraq aksiya keçirib.