Arutunyan: “Azərbaycan Laçın dəhlizini açmaq üçün 4 şərt irəli sürüb”

Dünən Xankəndidə “deputatlarla” qapalı görüşdə separatçı rejimin başçısı Arayik Arutyunyan bildirib ki, Azərbaycan Laçın dəhlizinin açılması üçün bir sıra tələblər irəli sürüb. Bunu “Hraparak” qəzeti yazıb.

Birincisi, Ruben Vardanyanın vəzifədən çıxarılması. İkincisi, Qarabağdakı qızıl mədənində işin dayandırılması. Üçüncüsü Laçın dəhlizinin Rusiya sərhəd-keçid məntəqəsində rentgen skanerlərinin quraşdırılması, buradan hər iki tərəfə gedən yüklərə nəzarət edən Azərbaycan nümayəndəsinin olması.  Və nəhayət, Qarabağdan Ermənistan silahlı qüvvələrinin və texnikanın çıxarılması.

Arutunyan bildirib ki, əslində Azərbaycanla heç bir danışıqlar aparılmır, bu tələbləri onlara vasitəçilər təqdim edib.

Arutunyan bu tələbləri rədd etdiklərini bildirib.

“Çünki, onlar yerinə yetirildikdən sonra dəhlizin açılacağına və ya açıldıqdan 1-2 həftə sonra bir daha bağlanmayacağına dair heç bir təminat yoxdur” – qəzetin yazdığına görə, Arutunyan belə deyib.

Xatırladaq ki, dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər.

Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və “humanitar böhran” yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Basta