Azərbaycanla İran arasında qarşıdurma yeni müstəviyə keçdi
27 yanvar tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı həyata keçirilmiş terror hücumunun beynəlxalq səviyyədə pislənməsi, terror aktını təşkil edənlərin və törədənlərin müəyyənləşdirilərək tezliklə cəzalandırılması, eləcə də Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi barədə çağırışların yer aldığı müvafiq sənədlər qəbul edilmək məqsədilə aidiyyəti beynəlxalq təşkilatlar və platformalara təqdim edilib.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Məlumatda bildirilir ki, sözügedən terror aktı törədiləndən indiyə qədər səfirliyimizə qarşı silahlı hücum ayrı-ayrılıqda 100-ə yaxın ölkə və bir sıra beynəlxalq təşkilatların katiblikləri tərəfindən pislənib və bu aktı törədənlərin cəzalandırılmasının zəruriliyi verilmiş bəyanatlarda vurğulanıb.
İran tərəfi üzvü olduğu və qərarların konsensusla qəbul edildiyi beynəlxalq təşkilatlarda terror hücumunun beynəlxalq müstəvidə geniş şəkildə ifşa olunmasının qarşısının alınmasına çalışıb. Bu xüsusda, hücumdan dərhal sonra Qoşulmama Hərəkatının (QH) Əlaqələndirici Bürosuna və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) Azərbaycan tərəfindən təqdim edilmiş kommünike və bəyanat layihələrinə İran tərəfi etiraz edib və bu sənədlərin qəbuluna mane olub.
İran tərəfi bununla yanaşı, sözügedən təşkilatlarda öz mövqeyinə dəstək məqsədilə bir çox ölkələrə müraciət etsə də, Qoşulmama Hərəkatında 120 ölkə arasından İranın mövqeyinə dəstək verən yalnız Suriya və Hindistan olub. Bu üç ölkə sözügedən sənədlərin qəbuluna qarşı çıxan zaman səsləndirdiyi əsas iddia guya əvvəllər Qoşulmama Hərəkatında ayrı-ayrı ölkələrdə terror hücumlarının pislənmədiyi və bu ölkələr arasında ikitərəfli məsələlərin Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalara gətirilmədiyi olub. Halbuki, Qoşulmama Hərəkatı bir çox hallarda üzv ölkələrində baş vermiş terror hücumlarını pisləyən, diplomatik missiyaların mühafizəsinə vurğu edən bir sıra sənədlər qəbul edib.
İran tərəfinin bu təxribatçı addımını pisləyir və beynəlxalq öhdəliklərinə riayət etməsinin zəruri olduğunu bildiririk.
Azərbaycan tərəfi səfirliyinə qarşı terror aktının geniş şəkildə pislənməsi və terror aktını törədənlərin cəzalandırılması üçün bütün müvafiq beynəlxalq platformalardan istifadə edəcək.