Fotobloqçu Vəli Şükürova 30 sutka həbs cəzası

Fevralın 5-də Bakının Səbail Rayon Məhkəməsi fotobloqçu Vəli Şükürov barəsində 30 sutkalıq inzibati həbs qərarı çıxarıb. O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisə tabe olmama) maddələri təqsirli bilinib. Bu barədə Turan-a fotobloqerin həyat yoldaşı Aytac Ələnur məlumat verib.

O, ərinə qarşı irəli sürülən ittihamları əsassız hesab edir.

Ələnurun sözlərinə görə, fevralın 4-də səhər saatlarında Şükürov Binəqədi polisinə çağırılıb.

Şükürov 1 saata yaxın polisdə olub, sonra sərbəst buraxılıb. O, həyat yoldaşına bir  polis əməkdaşı ilə bağlı dindirildiyini deyib.

“Üç il əvvəl Vəli bu polis işçisinə bir maşının nömrəsini verib və onun kimə məxsus olduğunu öyrənmək istəyib. Dünən polis idarəsində  özü üçün  maraqlanıb  və maşının sahibi ilə bağlı heç bir yerdə məlumat yaymayıb”, – deyə Ələnur  daha sonra bildirib.

Onun sözlərinə görə, Şükürov sərbəst buraxılandan  sonra fevralın 4-də gün ərzində mülki geyimli şəxslər  onların evlərinə iki dəfə gəlsə də, əri mənzildə olmayıb.

Axşam   saat 21 radələrində  Ələnur əri ilə birlikdə evə qayıdarkən Şükürovu  saxlayıblar.

Polis saxlanılmanın səbəbləri ilə bağlı heç bir məlumat verməyib.

Və yalnız fevralın 5-də saat 13:00 radələrində vəkil Zibeidə Sadıqova Şükürovun 30 sutka həbs olunduğunu öyrənə bilib.

Bu qərardan apellyasiya şikayəti veriləcək.

Bloqqerin həyat yoldaşı ərinə qarşı irəli sürülən ittihamları əsassız hesab edir.

“Vəli  tamamilə sakit, qanuna tabe olan insadır, ona görə bu  ittihamlar inandırıcı deyil. O polisə cağrılan kimi özü gedib. Onu mənim gözlərim qarşısında saxladılar və Vəli heç bir müqavəmət göstərməyib”, – deyə Ələnur bildirib.

Qeyd edək ki, Şükürov daha çox səyahət blogeri kimi tanınır və səyahətlərindən fotoları əsasən İnstaqramda paylaşır (https://www.instagram.com/velishukurov_photo).

Şükürov 2020-ci ilin payızında 44 günlük Qarabağ müharibəsini də işıqlandırıb və onun işi Azərbaycan Tarixi Muzeyində təşkil olunan fotosərgidə təqdim olunub.