Navalnı: “Rusiya Ukraynadan çıxmalı, vurduğu ziyanı ödəməlidir”

 

Rusiyanın aparıcı müxalif siyasətçisi, hazırda həbsdə olan Aleksey Navalnı Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun ildönümünə günlər qalmış, öz siyasi platformasının 15 prinsipini açıqlayıb. “Meduza”nın yazdığına görə, sənəddə Rusiyanın müharibəni dayandırması zərurəti və bundan sonra atmalı olduğu addımlardan bəhs edilir. Navalnı qeyd edib ki, Rusiya ordusu Ukrayna ərazisini tərk etməli və bu ölkəyə vurduğu ziyana görə təzminat ödəməlidir. 

“Prezident Putin gülünc bəhanələrlə Ukraynaya qarşı ədalətsiz təcavüzkar müharibəyə başlayıb. İndi o, bu müharibəyə “xalq savaşı” statusu verməyə, bununla da bütün Rusiya vətəndaşlarını öz cinayətinə ortaq etməyə çalışır, lakin cəhdləri uğursuzluqla nəticələnir. Bu müharibədə könüllülər demək olar ki, yoxdur, ona görə də Putinin ordusu məhbusların və zorla səfərbər olunanların ümidinə qalıb” – deyə, Navalnı Putinin “xüsusi əməliyyatına” siyasi qiymət verib.

Navalnı qeyd edib ki, müharibə nəticəsində on minlərlə günahsız ukraynalı öldürülüb, milyonlarla insan zərər və acı çəkib, hərbi cinayətlər törədilib, Ukraynanın şəhərləri və infrastrukturu dağıdılıb.

Bununla belə Rusiya hərbi məğlubiyyətə uğradığını bildirən Navalnı çıxış yolu kimi, Ukraynanın 1991-ci il sərhədləri çərçivəsində (yəni, Krım da daxil olmaqla) ərazi bütövlüyünün tanınmasını, təcavüzün dayandırılmasını, bütün rus qoşunlarını Ukrayna ərazisindən çıxarılmasını, Ukraynaya dəyən zərərin ödənilməsini göstərib.

“Məsələn, Rusiyada hakimiyyət dəyişikliyindən və müharibə başa çatdıqdan sonra, neftimizə və qazımıza qoyulan məhdudiyyətləri aradan qaldırmaqla,  karbohidrogenlərin ixracından gələn gəlirin bir hissəsinin kompensasiyaya yönəldilə bilər” – deyə,  Navalnı təklif edib.

“Müharibədən sonra biz Putinin təcavüzü nəticəsində Ukraynaya dəymiş ziyanı ödəməli olacağıq. Amma sivil dünya ilə normal iqtisadi münasibətlərin bərpası və iqtisadi artımın bərpası bunu ölkəmizin inkişafına mane olmadan həyata keçirməyə imkan verəcək” – deyə, Navlanı vurğulayıb.

Basta