Araik Arutyunyandan müharibə anonsu

Azərbaycan bildirib ki, əgər Xankəndi Bakının inteqrasiya siyasətini qəbul etməzsə, Qarabağın indiki problemlərini həll edilməmiş qoyacaq və “daha sərt və daha kəskin addımlar atacaq”.

Bunu Qarabağ ermənilərinin “prezidenti” kimi təqdim olunan Araik Arutyunyan martın 6-da Xankəndidə keçirdiyi iclasda deyib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bildirir ki, sözü gedən iclasın başlanğıcında iştirakçılar martın 5-də Azərbaycan tərəfi ilə atışmada ölənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azatutyun yazır ki, Araik Arutyunyan bu iclasda martın 1-də Azərbaycan tərəfi ilə keçirilmiş görüşün bəzi təfsilatlarını açıqlayıb.

O deyib ki, ikinci görüşdə Azərbaycan nümayəndəsi siyasi mövzuları müzakirə etmək istəyib və bu zaman “inteqrasiya” sözü işlədib.

Arutyunyanın sözlərinə görə erməni tərəfi bu mövzunun müzakirəsinə etiraz edib.

Qarabağ separatçılarının lideri bildirib ki, bundan sonra Azərbaycan tərəfi öz kanalları ilə onlara mesaj verib: “ya biz inteqrasiya siyasətini qəbul edirik, ya da mövcud problemlər həll olunmayacaq, əksinə daha sərt və daha kəskin addımlar atılacaq”.

“Əgər Azərbaycanın təklifini qəbul edənlər varsa…”

Araik Arutyunyan iclasda deyib ki, təkcə separatçı rejimin rəhbərliyi yox, həm də Qarabağ ermənilərinin böyük əksəriyyəti öz müqəddəratını təyinetmə və özünüidarədən geri çəkilmək niyyətində deyil.

Bununla belə Arutyunyan Qarabağın erməni əhalisi arasında başqa rəylərin də olmasını istisna etməyib:

“Bu isə o deməkdir ki, yaxın gələcəkdə bizdə öhdəsindən gəlməli olacağımız müxtəlif hadisələr baş verəcək. Bizim seçimimiz var: ya seçdiyimiz mübarizə yolunu davam etdirmək, ya da əgər cəmiyyətdə Azərbaycanın təkliflərini qəbul etmək kimi əhval-ruhiyyələr varsa, bu adamların öz vətəndaş hüquqları çərçivəsində bunu etmək və demək imkanları var ki, “biz düzgün yol seçməmişik”. Onların imkanları var ki, belə mövqeləri formalaşdırıb ölkədə (Qarabağda – red) yeni hökumət təşkil etsinlər. Lakin biz mübarizə yolu seçdiyimizdən bizim qərarımıza hörmətlə yanaşsınlar və buna daxili siyasi rəng verməsinlər”.

Araik Arutyunyan habelə qeyd edib ki, qarşıda “uzun mübarizə yolu” var və buna görə də ərzaq və enerji təchizatı kimi məsələlər həll olunmalıdır.

AzadlıqRadiosu