Azərbaycanlı mühacirlər güneyli soydaşlarımızın Brüsseldəki aksiyasına qatılacaq – Çağırış
Azərbaycanlı mühacirlərin yaratdığı “Promotey” təşkilatı Avropada yaşayan soydaşlarımıza müraciət edərək, onları martın 25-də Brüsseldə keçiriləcək aksiyaya qoşulmağa çağırıb. Bu haqda təşkilatın təsisçilərindən biri, Hollandiyada yaşayan müsavatçı mühacir Eldəniz Yusibov məlumat verib.
Müraciətdə deyilir:
“Xeyli müddətdir ki, İranın bütün şəhərlərində kütləvi etiraz aksiyaları davam edir. Bu aksiyalar İran dövlətinin cox ciddi iqtisadi, siyasi, dini, sosial, mədəni və milli kimlik böhranı ilə üzləşməsiylə bağlıdır. Hazırda İranda cərəyan edən hadisələr, göstərir ki, İran cəmiyyəti artıq hüquq və azadlıqların məhdudlaşdırılmasını, orta əsr təfəkkürünü, qeyri-insani davranışı qəbul etmir. Fars-molla rejimi şovinist siyasəti ilə İranda yaşayan 30 milyondan artıq soydaşlarımızı sıxışdırır, onların ana dilində təhsil alması və cəmiyyətdə layiqli mövqe tutmasını əngəlləyir, mədəniyyətimizin, milli mənəvi dəyərlərimizin aşınmasına bais olur. Bütün bu haqsızlıqlara etiraz edən soydaşlarımız ən ağır cəzalara məruz qalırlar.
İran hakimiyyəti zülmə etiraz səsini ucaldaraq ayaga qalxan xalqa qarşı zor işlətməkdə davam edir. İran rejiminin insan haqlarının məhdudlaşdırması, xüsusilə orada yaşayan soydaşlarımıza qarşı apardığı qəddar siyasətə etiraz əlaməti martın 25-de olaraq Brüssel şəhərində cənublu soydaşlarımızın təşkilatçılığı ilə aksiya kecirilecek. Avropada yaşayan soydaşlarımızı aksiyada ishtiraka və soydaşlrımıza dəstək verməyə dəvət edirik”.
“Brüsseldə azərbaycanlıların keçirəcəyi yürüş İrandakı böyük dəyişikliklər üçün önəmli siqnal olacaq”.
Bu sözlər Azərbaycan Mərkəz Partiyasının sədri, eləcə də martın 25-də Brüsseldə keçiriləcək “Azadlıq və Ədalət” yürüyüşü Koordinasiya mərkəzinin nümayəndəsi Saleh Kamraninin Globalinfo.az-a verdiyi geniş müsahibədə yer alıb.
Kamrani sözügedən yürüşün Güney Azərbaycandakı milli hərəkat tərəfindən tam dəstəkləndiyini bildirib.
O, Brüssel yürüşünün Güney Azərbaycanın taleyi üçün böyük önəm daşıdığını bildirərək, qüzeyli və güneyli hər kəsi etirazlara dəstək olmağa səsləyib:
“Biz burada nə qədər güclü görünsək, sistemin formalaşmasını bir o qədər gücləndirərik. Bu mitinqin yaratdığı xəbərlərin daxildə və xaricdə təsirini düşünün. Eyni zamanda onun assimilyasiyaya məruz qalan insanlara, müxalif cərəyanlara, bizimlə düşmənçilik edən təşkilatlara təsiri nə qədər çox olacaq. Lakin burada yeganə şərt 50 milyon nəfərlik azərbaycanlıya yaraşan formada ortaya çıxmaqdır. Biz bütün gücümüzü istifadə etmişik. Bundan sonrası azərbaycanlıların özlərinə qalıb. Bunun əhəmiyyətini dərk edib, zamanlarından, ailələrindən vaxt ayırıb, üç saatlıq bir aksiyaya qatılmalıdırlar. Biz bilməliyik ki, inqilabın həzinəsi (ağrısı) var. İçəridəki insanlarımızın inqilabı müşayiət etmələri onların ölümü ilə, həbsə getmələri, ciddi sıxıntılar keçirmələri ilə nəticələnir”.
Kamrani artıq indidən azərbaycanlıların Brüsseldə yürüş keçirmək istəyinin dünyanın media orqanlarının diqqət mərkəzinə düşdüyünü bildirərək, Azərbaycan mediasının da bu işdə aktiv olması gərəkdiyini bildirib:
“Demək ki, azərbaycanlılar diqqət mərkəzindədir. Bu diqqət mərkəzinin gözləntiləri minlərlə insanın orada olması ilə yerinə yetirilməlidir. Əgər medialarımız bu vaxta qədər aktiv deyillərsə, indidən aktiv olsunlar. Üç gün aktivlik belə vəziyyəti dramatik şəkildə dəyişdirə bilər. Bu, çox önəmli məsələdir. Mənim Azərbaycan mediasından gileyim var. Çünki taleyimiz bir-birinə toxunur. İran rejimi bir az rahatlayıb və Azərbaycan Cümhuriyyətini təhdid etməyə başlayıb. Razılaşdırılan anlaşma sayəsində Zəngəzur koridoru artıq açılmalıydı ki, buna da İran əngəl törətməyə cəhd edir. Bizim taleyimiz bir-birinə bağlanıb. Azərbaycan milli hərəkatı nə qədər dünyada güclənsə, Azərbaycan Cümhuriyyəti o qədər rahatlayacaq. Digər tərəfdən Azərbaycan nə qədər rahatlanıb, güclənsə Güney də bir o qədər güclənəcək”.
Güneyli milli fəal 25 mart yürüşünə minlərlə insanın qatılacağı təqdirdə bunun bölgənin taleyinin kökündən dəyişməsində böyük addım olacağını söyləyib:
“Minlərlə insan qatılsa, Azərbaycan milli hərəkatı böyük güc kimi dünyanın qarşısına çıxacaq. İndidən Avropa Parlamentinin iki üzvü orada olacağını elan edib. Artıq Ukrayna diasporu da oraya gələcəyini bildirib, çünki onların da müştərək dərdi var. Yəni bu məsələ dünyanın diqqətindədir. Onun üçün bütün azərbaycanlılardan, sizdən də xahiş edirəm ki, bu müsahibəni mediada yayın. Orada olmaq sanki Qarabağ savaşında iştirak etməkdir. İnanın ki, bu, çox önəmli məsələdir. Bu, artıq milli hərəkatda hansısa partiyanın şəxsi məsələsi deyil. Bu, Azərbaycanla birbaşa bağlı olan məsələdir”.
Qeyd edək ki, martın 25-də Brüsseldə “Azadlıq və Ədalət” yürüyüşü keçiriləcək. Mitinq Brüsseldə Place Schuman Parlamentinin önündən başlayacaq və yerli vaxtla 14:00-da start götürəcək, üç saat davam edəcək.
Basta