İran bizi qorxuda bilməz – Bakı Tehrana cavab verdi

Azərbaycan XİN İran XİN-in nümayəndəsi Nasir Kənaninin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İsrailə səfəri ilə bağlı iddialarına etiraz edib.

Azərbaycan XİN Kənaniyə Bayramovun İsraildəki mətbuat brifinqdə səsləndirdiyi fikirlərə “diqqətlə qulaq asmağı” tövsiyə edib.

XİN-in rəsmi nümayəndəsi Ayxan Hacızadə qeyd edib ki, Bayramov İsraildə keçirilən mətbuat konfransında İrana qarşı hər hansı bir mövqe səsləndirməyib. Buna görə Bakıda İran XİN-in nümayəndəsinin bəyanatı növbəti “anti-Azərbaycan addımı” kimi qiymətləndirilir.

“Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib”, deyə Hacızadə qeyd edib. Əksinə, son zamanlar İran ərazisindən Azərbaycana qarşı təhdidlər səsləndirilir və təxribatlara yol verilir.

“Bunlara misal olaraq, Azərbaycanın sərhədləri boyu İran tərəfindən hərbi təlimlərin keçirilməsini, sərhəd üzərindən hərbi uçuşların həyata keçirilməsini, İranın vəzifəli şəxsləri tərəfindən anti-Azərbaycan bəyanatların verilməsini, SEPAH kimi İranın təhlükəsizlik strukturları tərəfindən hətta uşaqları cəlb etməklə və Xudafərin körpüsünün yanında Azərbaycan əleyhinə təhdid dolu videoçarxların çəkilməsini və nümayişini, Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu, Milli Məclisin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izlərinin İrana dəlalət etməsini göstərmək olar”, deyə Hacızadə qeyd edib.

“Son 30 il ərzində İran faktiki olaraq səssiz razılığı ilə Ermənistanın Azərbaycan ərazilərinin işğalına göz yumub. Qarabağ və Şərqi Zəngəzurun işğal və talan edilməsinə, bu ərazilərdəki evlərdən sökülmüş daşların İran bazarlarında satılmasına, mövcud olmuş 67 məsciddən 65-in dağıdılmasına və təhqir edilməsinə İran tərəfindən əhəmiyyət verilməməsi yaxşı məlumdur”, deyə Hacızadə bildirib.

“Qeyd edilənlərlə əlaqədar mətbuat katibi Nasir Kənaninin açıqlamasını qətiyyətlə pisləyirik. Bu açıqlama Azərbaycan-İran münasibətlərinin böhran vəziyyətinə salınmasında növbəti addımdır.

İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz. İran ərazisindən Ermənistana göndərilən hərbi dəstəyə baxmayaraq, Azərbaycan Ordusu 2020-ci ildə işğalçı Ermənistan ordusunu darmadağın etdi. Bundan sonra da Azərbaycana qarşı hər hansı bir təcavüzün və təxribatın qarşısı qətiyyətlə alınacaq”, deyə Azərbaycan XİN-in rəsmi nümayəndəsi qeyd edib.