ABŞ demokratiya məsələsində Azərbaycandan ümidini üzməyib

Cümə günü ABŞ-ın demokratiya və insan hüquqları üzrə yüksək vəzifəli diplomatı bildirib ki, bu həftə keçirilən “Demokratiya sammiti”nin nəticələri sammitdə iştirak etməyən ölkələr də daxil olmaqla “hər yerdə” məqbuldur.

“Ümumi problemlər güclü koalisiyada həll edildiyi zaman həlli daha asan olur”, – dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan hüquqları üzrə müavini Uzra Zeya deyib.

Zeya ikinci Demokratiya sammitin yekunları üzrə təşkil olunan xüsusi brifinqdə jurnalistlər qarşısında çıxış edib.

O, ortaya üç nəticə qoyub: Demokratiya tərəfdarlarının sayının artması (2-ci sammitdə 120-dən çox dəvətli hökumət vardı); son 15 ayda (ilk sammitdən sonra) iştirakçıların 750-dən çox vədi yerinə yetirməsi, tərəfdaşlığın və birgə fəaliyyətin təsdiqlənməsi.

İki il ərzində iştirakçılar tərəfdaşlığın ənənəvi formalarını “canlandırıblar” və ortaq məqsədi olan yenilərini yaradıblar.

“Bunun bariz nümunəsi iştirakçıların demokratiya və kollektiv fəaliyyətə sadiqliyini təsdiqləyən sammitin bəyannaməsinin hazırlanması və müzakirəsi üçün müxtəlif regionlardan 60-dan çox hökumət nümayəndəsini birləşdirən koordinasiya qrupudur. Bu, artıq Afrika, Asiya, Avropa, Şimali və Cənubi Amerikanın 70-dən çox hökuməti tərəfindən təsdiqlənib və biz ümid edirik ki, bu, hələ hamısı deyil”, – o deyib.

Turan-ın müxbirinin “Sammitin nəticələri Azərbaycanda, Türkiyədə və sammitdə iştirak etməyən digər ölkələrdə yaşayan insanlar üçün məqbuldurmu” sualının zavabında Zeya deyib ki: “Şübhəsiz! demokratik yenilənmə təşəbbüsümüz qlobal xarakter daşıyır”.

“Biz bu proqramı təmsil olunduğumuz hər bir ölkədə bütün tərəfdaşlarımızla təbliğ etmək istəyirik. İstər azad və müstəqil KİV-ə, demokratik islahatçılara dəstək olsun, istərsə də vətəndaş cəmiyyətinin sıxışdırılmasına qarşı mübarizə, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi olsun.

Korrupsiyaya qarşı mübarizə 2021-ci ilin dekabrında demokratiya uğrunda ilk sammitdə prezident Baydenin irəli sürdüyü milli təhlükəsizliyin əsas prioritetidir.

Demokratiyanı gücləndirmək üçün texnologiyaların inkişafı başqa bir prioritetdir. Bunun əhəmiyyətini dövlət katibi Blinken hökumətlər, özəl sektor və vətəndaş cəmiyyətindən olan beynəlxalq tərəfdaşlarla sessiya zamanı nümayiş etdirib.

Şübhəsiz ki, biz bu gündəliyi Azərbaycanda və digər ölkələrdəki tərəfdaşlarla birlikdə irəlilətmək istəyirik”, – Zeya vurğulayıb.

Turan