“Xankəndiyə gedən 24 nəfər geri qaytarılıb, 4 nəfər xəstəxanaya çatdırılıb” – Nersisyan

Aprelin 4-də Rusiya hərbçilərinin müşayəti ilə Gorusdan Xankəndinə getmək istəyən 27 nəfərdən 24-ü Laçın yolundan geri qaytarılıb.

Bu barədə Xankəndidəki separatçı rejimin “dövlət naziri” Qurgen Nersisyan özünün feysbook səhifəsində yazıb.

“Azərbaycanlılar yolun bağlanmış hissəsində nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyublar. Onların müdaxiləsi nəticəsində 4 vətəndaşımızın səhhəti pisləşib, Rusiya sülhməramlıları təcili tibbi yardım maşınının gəlməsini və həmin 4 vətəndaşın Stepanakert (Xankəndi) xəstəxanasına çatdırılmasını təmin ediblər. Uzun və israrlı danışıqlar heç bir nəticə vermədiyi üçün qalan sakinlər  Qoris şəhərinə qayıdıblar” – deyə Nersisyan bildirib.

O, əlavə edib ki,  Azərbaycan Xankəndidən Ermənistana gedənlərə qarşı tamamilə əks yanaşma nümayiş etdirir: “Bu da onların erməniləri Artsaxdan (Qarabağdan) qovmaq niyyətinin birbaşa sübutudur”.

Qeyd edək ki, təkcə 1988-ci ildə Ermənistandan 200 mindən artıq azərbaycanlı deportasiya edilib.

Azərbaycanlı həkimlər Xankəndi-Laçın yolunda Qarabağda yaşayan erməniyə tibbi yardım ediblər

Xankəndi-Laçın yolunda Qarabağda yaşayan erməni qadının halının pisləşməsi və ona azərbaycanlı həkimlərin yardım göstərməsindən sonra 4 nəfərin Xankəndi xəstəxanasına çatdırılması xəbərini Azərbaycanın mənbələri də təsdiqləyir.

AZƏRTAC-ın hadisə yerində olan müxbiri xəbər verib ki, Rusiya sülhməramlılarının müraciətindən sonra əraziyə operativ şəkildə Şuşa şəhərində yerləşən modul tipli xəstəxananın təcili tibbi yardım avtomobili gəlib. İxtisaslaşmış həkim heyəti xəstəyə yerində ilk tibbi yardım göstərib. Daha sonra erməni əsilli qadın öz istəyinə əsasən təcili tibbi yardım avtomobili ilə azərbaycanlı həkimlərin müşayiəti altında Xankəndi şəhərinə aparılıb. Bununla da Azərbaycan tərəfi humanistlik göstərərək öz ərazisində yaşayan erməni əsilli vətəndaşın qayğısına qalmasını nümayiş etdirmiş oldu.

Təcili tibbi yardım avtomobilinin aksiya ərazisindən keçməsinə heç bir maneə yaradılmayıb.

Basta