İlham Əliyev və Paşinyan Vaşinqtonda görüşə bilər

Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilə bilər.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri məlumat yayıb.

İddia olunur ki, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın növbəti görüşünün may ayının ikinci yarısında Vaşinqtonda keçirilməsi planlaşdırılır.

“Bizdə olan məlumata görə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Nikol Paşinyan və İlham Əliyevlə bir neçə dəfə telefon danışığı aparıb. Telefon danışıqlarının əsas mövzusu Azərbaycan-Ermənistan münasibətləri və danışıqlar prosesi olub”,- deyə nəşr yazıb.

Qəzetin diplomatik mənbədən əldə etdiyi məlumata görə, indiki mərhələdə Brüssel Azərbaycan və Ermənistan arasında danışıqların təşəbbüskarı rolunda çıxış etmək istəyir. Hətta Mişel yaxın həftələrdə İlham Əliyev və Paşinyanın görüşünü təşkil etmək niyyətindədir.

Ermənistandakı diplomatik mənbələrin “Past”a ötürdüyü məlumata görə, Brüsselin səylərinə baxmayaraq, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü böyük ehtimalla Vaşinqtonda olacaq:

“XİN-dəki mənbəmiz onu da bildirir ki, tərəflərin yanaşmaları üst-üstə düşür. Bundan sonra Vaşinqton platformasında danışıqlar aparılacaq”.

Qeyd olunub ki, Vaşinqton görüşünün ideya müəllifi ABŞ dövlət katibi Entoni Blinkendir.

Xatırladaq ki, Azərbaycan və Ermənistan rəhbərləri arasında sonuncu görüş bu il fevral ayının 18-də Münxendə keçirilib.

Modern.az