Sənin canın Şuşa indi bizimdir

Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun şəhidliyinin 31-ci ildönümü tamam oldu.

Ramiz Qəmbərovun qəhrəmanlığı bəzi özəllikləri ilə digər qəhrəmanlıqlardan fərqlənir. Qarabağ hadisələri başlayan gündən o mübarizənin önündə idi. Şuşa Xalq Cəbhəsinin rəhbəri idi, eyni zamanda (Azərbaycanın Müstəqil ordusu yaradılana qədər) Şuşanın könüllülər tərəfindən müdafiəsinə rəhbərlik edirdi. Ordu yaradılandan sonra da həmişə ön sırada idi. Onun hər günü bir qəhrəmanlıq nümunəsi idi. Var gücü ilə “yatanları” oyatmağa çalışırdı.

Səsi indi də qulaqlarımdadır: “Mirbaba bəy, belə getsə Şuşanı itirəcəyik!”. Bu sözləri deyəndə hadisələr təzə başlanmışdı.
O vaxt sənə inanmadım, əziz dost. Üç il sonra sənin uzaqgörənliyin acı təsdiqini tapdı, düşmən Şuşanı işğal etdi.

Üç il bundan qabaq sənin şəhidliyinin 28-ci ildönümündə yazmışdım ki, “Ramiz Qəmbərovun ruhu o vaxt şad olacaq ki, Şuşa düşməndən azad edilsin.”

Sənin canın Şuşa indi bizimdir! Heyf ki, sən özün bizimlə deyilsən.

Təsəllimiz odur ki, şəhidlər cənnətlikdir.

 

Mirbaba Babayev