“Xalqın susdurulması siyasətindən əl çəkin” – Müsavatdan tələb

Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələrlə əlaqədar Müsavat Partiyasının qəbul etdiyi bəyanatda hakimiyyətdən xalqın susdurulması siyasətindən əl çəkməsi tələb olunur.

Partiyanın mətbuat xidmətindən “Basta”ya təqdim olunan sənəddə  deyilir:  

“Müsavat Partiyası iyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin ekoloji çirklənməyə qarşı keçirdikləri aksiyada polisin dinc etirazçılara qarşı qəddar davranışını Azərbaycanda despotizmin getdikçə dərinləşdiyini təsdiqləyən növbəti ağır cinayət kimi qiymətləndirir.

Müsavat Partiyası həmin aksiya zamanı polisin yaşlı qadınlara, o cümlədən şəhid anasına xüsusi amansızlıqla hücum etməsi və onlara xəsarətlər yetirməsini hiddətlə pisləyərək;

-Etirazçıların öz tələblərində tam haqlı olduqlarını vurğulayaraq və polisə daş atılmasının təxribat ola biləcəyini qeyd edərək;  

– Aksiyadan sonra yeddi nəfərin inzibati həbsə məruz qalması və bir nəfərin cərimələnməsini, həmçinin bu mövzuda tənqidi yazılar yazdıqdan sonra Nida Vətəndaş Hərəkatının fəalı Elmir Abbasovun saxlanmasını əsassız sayaraq;

Etirazçılara qarşı zorakılıq edən polis əməkdaşları və onlara bu əmri verənlərin dərhal müəyyənləşdirilərək cəzalandırılmasını, bu barədə xalqa ətraflı məlumat verilməsini, saxlanılan şəxslərin dərhal azadlığa buraxılmasını, Söyüdlü kəndinə yolun açılmasını, xalqın susdurulması siyasətindən əl çəkilməsini, vətəndaşların haqlı tələblərinə əməl olunmasını hakimiyyətdən tələb edir”.

Basta