Bakıda baş vermiş zəlzələ ilə əlaqədar 34 nəfər “təcili yardım”a müraciət edib
Azərbaycanda ötən gecə baş vermiş zəlzələ ilə əlaqədar Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müraciət edib, TƏBİB-dən (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) Turan-a bildiriblər.
Tibbi yardım üçün müraciət edənlərin arasında 26 qadın, 5 kişi və 3 uşaq olub. 32 nəfərə yerində tibbi yardım göstərilib, digər iki nəfər stasionar səhiyyə müəssisəsinə aparılıb.
Vətəndaşların şikayətləri arterial təzyiqdə kəskin dəyişikliklər və yaşanan streslə əlaqədar olub.
Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Mərkəzinin dəqiqləşdirilmiş məlumatlarına görə, iyulun 4-də yerli vaxtla saat 00.01-də Siyəzən şəhərinin 47 kilometr şimal-şərqində, Xəzər dənizində 5,5 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar Quba, Xaçmaz, Şabran, Siyəzən rayonlarında 6 bal, Sumqayıt, Bakı və Abşeronda 5-4 bal gücündə hiss olunub.