Ceyhun Bayramovdan Abdullahiyana barışıq mesajı
“İran qonşu ölkədir. Azərbaycan həmişə İranla münasibətlərin müsbət inkişafında maraqlı olub”.
“Turan”ın məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 9-da jurnalistlərin sualının cavabında bildirib.
Onun sözlərinə görə, son zamanlar tərəflər arasında gərginlik olub.
“İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın prezident İlham Əliyevlə görüşü zamanı münasibətləri açıq şəkildə müzakirə etmək imkanı oldu. İranın iki ölkə arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün ciddi addım atmaq niyyətini görürük və hiss edirik. Belə olan təqdirdə, Azərbaycan tərəfi də adekvat addımlar atacaq”.
Bayramov Azərbaycanın İrandakı səfirliyimizə hücumun təqsirkarlarının cəzalandırılmasını istədiyini bildirib.
Bayramov deyib ki, yaxın günlərdə Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrlərinin görüşü olacaq. Görüş Astara şəhərinin İrana aid hissəsində keçiriləcək.
“Bir sıra məsələlər, o cümlədən nəqliyyat, su resurslarının birgə istifadəsi ilə bağlı danışıqlar aparılacaq”, – deyə, o qeyd edib.