Müsavat Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılmasını tələb edir

İyunun 10-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə qərarların icrası və görülən işlər barədə məlumat dinlənilib.

Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, “Siyasi partiyalar haqqında qanuna” edilən dəyişikliklərin tələbinə uyğun olaraq, iyulun 8-də Müsavat Partiyası üzvlərinin bir qisminin siyahısı Ədliyyə Nazirliyinə təqdim edilib.

Müsavat başqanı Arif Hacılı AXCP sədri Əli Kərimli ilə iyulun 10-da partiya qərargahında keçirdiyi görüş barədə məlumat verib.

Divan vəkil Elçin Sadıxovun Vəkillər Kollegiyasından çıxarılmasını Azərbaycanda vəkillik fəaliyyətinin qanunsuz məhdudlaşdırılması prosesinin davamı kimi qiymətləndirib, ölkədə vəkillərə qarşı qanunsuz təzyiqlərə son qoyulmasını tələb edib.

Daha sonra Azərbaycan-Ermənistan sərhədi və Qarabağdakı son durum barədə müzakirə aparılıb. Laçındakı Sərhəd Buraxılış Məntəqəsi yaxınlığında  Rusiya sülhməramlı qüvvələri tərəfindən Azərbaycan bayrağının çıxarılması pislənilib. Müsavat Partiyası Azərbaycan hakimiyyətindən bununla bağlı təsirli tədbirlər görülməsini və Rusiya sülhməramlı qüvvələrinin ölkədən çıxarılmasını tələb edir.

İclasda Ukraynadakı son durum barədə fikir mübadiləsi aparılıb, Rusiyada hərbi qiyam cəhdindən sonra Putin rejiminin mövqelərinin zəiflədiyi qeyd olunub.

Sonda cari məsələlər müzakirə olunub.

Basta