Bir qrup erməni sakin Qarabağı tərk edib
Çərşənbə axşamı günü Qarabağda yaşayan bir qrup erməni sakin Laçın sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana gedib.
Bu son bir ayda Qarabağda yaşayan erməni sakinlərin ikinci dəfə qrup şəklində Ermənistana keçməsidir, ilk qrup sərhədi dünən keçib.
İctimai televiziyanın canlı yayımladığı görüntülərdən bu gün sərhədi keçənlərin əksəriyyətinin gənclər, azyaşlılar olduğu görünür.
“Sərhəddən özü keçənlərlə yanaşı “Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobilləri ilə Qarabağdan içərilərində xəstə şəxslərin olduğu insanlar da Ermənistana aparılıb”, İctimai TV bildirib.
Yerli mətbuat xəbər verir ki, bu gün yüz nəfərin Azərbaycandan Ermənistana keçəcəyi planlaşdırılıb.
İctimai TV-nin məlumatına görə, bu gün sərhədi keçənlərin iki çantası müsadirə olunub.
“Çantalardan birinin üzərində tanınmamış Dağlıq Qarabağ Respublikasının xəritəsi olub. O biri çantada isə qızıl zinət əşyalarının miqdarı çox olub”, – İctimai TV-nın müxbiri canlı yayımda bildirib.
Ötən gün Qarabağdakı yerli hakimiyyətin nümayəndələri bildiriblər ki, Rusiya sülhməramlıları iyunun 14-dən bəri ilk dəfə olaraq 41 Rusiya vətəndaşının və Qarabağlı tələbələrin Laçın keçid məntəqəsindən Ermənistana daşınmasını təmin edib.
Ötən gün daha bir qrup Qarabağdan Laçın sərhəd keçid məntəqəsi vasitəsiylə Ermənistana keçib.
Videoya YouTube kanalımızda baxın.
Onların keçidini yerli media yaxından izləyib. Qarabağı tərk edənlərin bəzilərinin erməni əsilli Rusiya vətəndaşları olduğu bildirilir.
Sərhədi keçən şəxsləri Rusiya sülhməramlıları müşayiət edib. Laçın sərhəd-buraxılış məntəqəsini keçən sakinlərin sənədləri və yükləri yoxlanılıb.
Ermənistan Azərbaycanın Laçın yolunu bağlaması ucbatından Qarabağdakı ermənilərin aclıqla üzləşdiyini bildirir.
Azərbaycan bu iddiaları rədd edir.
BBC