Haqlı olduğumuz yerdə…
Vaqif Hacıbəyli
Bir dəfə yazmışam, yenə yazıram, ermənilər siyasi demogoqiya sahəsində “dünya çempionları”dır. Hazırda iritonnajlı avtomobil karvanının sərhəddən buraxılmaması ilə əlaqədar yaranan situasiyada bu “çempionlar” özlərini dəryada balıq kimi hiss edirlər. Beynəlxalq miqyasda apardıqları təbliğat kampaniyasında əsas hədəfləri Azərbaycana qarşı beynəlxalq sanksiyaların tətbiqi, İlham Əliyevlə bağlı beynəlxalq məhkəmənin qərarının çıxarılmasıdır. Bacararlarmı? Baxarıq. Bacarmazlar deməyək. İndiyədək onlardan gördüyümüzü görmüşük.
Laçında yolun tam nəzarətə götürülməsi bizə hava və su kimi lazım idi. Bu problem uğurla həll olunandan sonra əsas vəzifəmiz ən azı iki rayonda (mənim şəxsi qənaətimə görə hələlik Xocəvənd və Ağdərədə) erməni hərbi birləşmələrini tərksilah etmək olmalı idi, çünki bu həm legitim və həm də ədalətli mövqedir. Bunun əvəzinə indi siyasi gündəmi blokada məsələsi zəbt edib. Böhranın ilk günlərindəcə yazdım ki, bu qərar səhvdir. Haqlı olduğumuz yerdə özümüzü haqsız duruma salmayaq. Azərbaycanı hər addımda dəstəkləyən Türkiyə, yaxud cənab Ərdoğan konkret bu məsələdə bizim mövqeyimizi dəstəkləyən hər hansı açıqlama veriblərmi? Mənə rast gəlməyib. Sosial şəbəkələrdə uzun müddət Ermənistanın əleyhinə danışan bəzi ermənilər blokada mövzusunda bizim mövqeyimizi artıq dəstəkləmirlər. Qarabağın özündə mənəvi psixoloji durum hər gün bizim ziyanımıza dəyişir.
Bizim məqsədimiz nədir? Humanitar yüklü maşınları ölkəyə buraxmamaqla biz nəyə nail olmaq istəyirik? Müalicəyə ehtiyacı olanları Ermənistana buraxırıqsa, ərzaq məhsullarını Qarabağa buraxmamaq hansı mənanı daşıyır? Bunu sağlam məntiqlə izah etmək mümkün deyil. İndi bəziləri təklif edir ki, biz də Qarabağ erməniləri üçün yüz maşın ərzaq yığıb aparaq Ağdama, yəni biz də alternativ şou düzəldək. Nəyimizə lazımdı? Bizə şou lazım deyil! Biz istəyirik ki, dövlətimizin suverenliyi Qarabağda tam bərpa olunsun. Bundan ötrü ilk növbədə beynəlxalq aləmdə münbit şəraitin yaranmasına çalışmalıyıq. Çevik və ağılla düşünülmüş tədbirlər görmək əvəzinə yersiz hikkə nümayişi ilə bunun tam əksini etməkdəyik.