Ayxan İsrafilov həbs edilib
“Demokratiya 1918” Hərəkatı yanında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilov həbs edilib.
Nərimanov rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 ay həbs qəti-imkan tədbiri seçilib
“Turan”ın məlumatına görə, Ayxan İsrafilov avqustun 11-də Bakının Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə “Demokratiya 1918” Hərəkatının rəhbəri Əhməd Məmmədli bildirib.
“Bu gün cəlb erdiyimiz vəkil ona narkotik ittihamı sürüləcəyini öyrənə bilib. Amma o, hələ də həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gəlməyib”, – Məmmədli bildirib.
O hesab edir ki, İsrafilovun saxlanması siyasi xarakter daşıyır.
“Ayxan avqustun 1-də kuryerlərin mitinqindən sonra saxlanılan üçüncü həmkarlar ittifaqı fəalı oldu. Konfederasiyanın rəhbəri Afiyəddin Məmmədov inzibati iş üzrə 30 sutka həbs edilib. Elvin Mustafayev artıq narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub və istintaq zamanı 4 ay müddətinə həbs edilib. Və indi Ayxan İsrafilov saxlanılıb. Bundan başqa, fəal Orxan Zeynalova qarşı guya bank kreditini ödəmədiyi iddiası ilə iş açılıb. Bu, uzun illər əvvəlin hadisəsidir və bankın ona qarşı heç bir iddiası olmayıb, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları Zeynalovdan borcun ödənilməsini tələb ediblər. O hələlik azadlıqda qalacaq”, – deyə Məmmədli bildirib.
Daxili İşlər Nazirliyi İsrafilovun saxlanılmasını təsdiqləyib və qeyd edib ki, “Faktla bağlı araşdırma aparılır, ictimaiyyətə məlumat veriləcək”.