Ermənistan BMT Təhlükəsizlik Şurasında uğursuzluğa düçar oldu – XİN-in bəyanatı
Ötən gecə BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə əlaqədar təcili iclası keçirilib. Ermənistanın tələbi ilə baş tutan iclasda Laçın yolu ətrafında vəziyyətlə bağlı müzakirələr və dinləmələr aparılıb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT-dəki nümayəndəsi Azərbaycanı “blokada və humanitar fəlakət” yaratmaqda ittiham edib. Fransanın nümayəndəsi gözlənildiyi kimi, Ermənistanın mövqeyini müdafiə edib. Rusiyanın nümayəndəsi həm Laçın, həm də Ağdam-Xankəndi yolunun açılması təklifinin tərəfdarı olduğunu bildirib. Türkiyənin nümayəndəsi isə Ağdam-Xankəndi yolunun açılması üçün tərəflərin dialoqa başlamasını təklif edib.
Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyadan danışıb, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyi barədə məlumat verib.
“Mənim BMT-nin Ali Məclisinə təqdim etmək istədiyim başqa bir məsələ də var. Sosial şəbəkələr yerli ermənilərin müxtəlif yubileyləri, toyları, ad günlərini və digər xoş hadisələri qeyd edən müxtəlif videolarla doludur” – deyən Yaşar Əliyev, Qarabağdakı şənliklərlə bağlı fotoları nümayiş etdirib.
“Bu videolar onların orada aclıq çəkmələri və humanitar böhrandan əziyyət çəkmələri barədə deyilənləri qəti şəkildə təkzib edir. Mən ərazimizdəki etnik erməniləri nəzərdə tuturam.
Gördüyünüz kimi, insanlar xoşbəxtdirlər, toylarda rəqs edirlər, ad günlərini qeyd edirlər. Budur çox dadlı tort və sair.
Bu məlumatı mənim sağımda oturan həmkarımla bölüşməkdən məmnunam” – deyə Yaşar Əliyev qeyd edib.
Azərbaycan Xarici İşlər Nazirliyi avqustun 16-da BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələrə dair bəyanat yayıb.
Bəyanatda deyilir:
“Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Ermənistanın sözügedən ali orqanı bu cür manipulyasiya və istismar etmək səyləri postmünaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir.
Azərbaycan Ermənistanın məsələlərin həll yolunun konstruktiv qarşılıqlı fəaliyyət, habelə beynəlxalq hüququn normalarının və bu çərçivədə götürülmüş öhdəliklərin vicdanla yerinə yetirilməsindən keçdiyini nəhayət ki, anlayacağına ümid edir. BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri tərəfindən vurğulandığı kimi, regionda sülh və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır.
BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlətin, eləcə də Türkiyənin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin ehtiyaclarını ödəmək üçün məhsulların çatdırılması ilə əlaqədar xüsusilə Ağdam-Xankəndi yolu olmaqla, Azərbaycan tərəfindən təklif olunan bütün marşrutların fəaliyyət göstərməsi ilə bağlı səmimi dialoq və vicdanlı qarşılıqlı fəaliyyətin zəruriliyi barədə verilən bəyanatları yüksək qiymətləndiririk.
Müzakirələr Azərbaycanın Ağdam-Xankəndi yolundan istifadə təklifinin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını və yüklərin Azərbaycanın Qarabağ bölgəsinə qanuni və şəffaf şəkildə çatdırılmasını təmin etmək üçün Ermənistanın yaratdığı maneələrin qəti şəkildə aradan qaldırılmasının labüdlüyünü bir daha göstərdi.
Bundan başqa, bəzi üzv dövlətlər tərəfindən Azərbaycanın legitim təhlükəsizlik narahatlıqlarının etirafı regionda müəyyən çağırışların aradan qaldırılması istiqamətində perspektivli addımdır.
Azərbaycanın müzakirələrdə qeyd etdiyi kimi, ölkəmiz Ermənistana iki ölkənin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında sülh təklif edib. Digər tərəfdən, Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş, habelə Azərbaycanın tərəfdar çıxdığı insan hüquqları üzrə bütün müvafiq beynəlxalq mexanizmlərə uyğun olaraq, bütün hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya siyasətini aparır. Hər iki istiqamətə sadiq olduğumuz kimi, suverenliyimizi və ərazi bütövlüyümüzü BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə qorumaqda da əzmliyik.
Azərbaycan normallaşma gündəliyinin irəli aparılmasında həqiqətən maraqlı olan və bununla da regionda çoxdan gözlənilən sülh və sabitliyə nail olmaq üçün öz töhfəsini vermək istəyən, habelə bu istiqamətdə müvəffəq olan bütün tərəflərlə konstruktiv qarşılıqlı fəaliyyətə sadiqdir”.