Jurnalist Əziz Orucova 2 il həbs cəzası

Fevralın 26-da Səbail Rayon Məhkəməsi “Kanal 13” internet televiziyasının direktoru, jurnalist Əziz Orucovu qanunsuz ev tikməkdə təqsirli bilib və 2 il müddətinə azadlıqdan məhrum edib.

Bu haqda onun qardaşı Anar Orucov məlumat verib.

“Əziz ilk dəfə 2017-ci ildə 2 mayda həbs edilib sonra 2018-ci ildə aprelin 5-də azad edilmişdi. Üstündən illər keçmişdi, zəngləşmişdik, danışırdıq. Dedi bilirsən bugün hansı gündür?! Dedim xatırlamadım. Dedi “bugün mənim 2-ci doğum günümdür- 5 apreldi, türmədən çıxdığım gündür”. O gündən o söz yadımda qalmışdı:” Əzizin ikinci doğum günü”. Bu gün “Əzizin 3-cü doğum dünü” olmadı. Ola da bilməzdi. Əziz isti ürəkli, istiqanlı, səmimi, vicdanlı, tam pafossuz ifadə ilə Vətənini sevən oğlandır. Xocalı faciəsi günü Əzizin daha bir doğum gününə çevrilə bilməzdi. Amma çox tezliklə Əzizin bir doğum günü daha gerçəkləşəcək” – deyə, Anar Orucov vurğulayıb.

Əziz Orucov 2023-cü il noyabrın 27-də Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət hüququ olmayan torpaqda özbaşına tikinti işlərinin aparılması) maddəsi ilə ittiham olunaraq saxlanılıb. Onun həbsi Azərbaycanda jurnalistlərə və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı həbslərin yeni dalğasının başlamasına təsadüf edib.

Bir müddət sonra Orucova qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Həbsdə olan müstəqil jurnalistlərin əksəriyyəti məhz bu ittihamla təqsirləndirilir.

İbtidai istintaqın nəticəsinə əsasən, Orucovun üzərindən qaçaqmalçılıq ittihamı götürülüb.

“Kanal13”ün digər əməkdaşı Şamo Eminov 2023-cü ilin dekabrında qaçaqmalçılıq ittihamı ilə həbs olunub. O, ötən ilin dekabrın 29-u ibtidai istintaqın və həbs qətimkan müddətinin bitdiyinə görə azadlığa buraxılıb.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.