Müsavat mayın 28-də bayram mitinqi keçirəcək

Mayın 12-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər, rayon təşkilatlarında keçirilən yığıncaqlar barədə məlumat dinlənilib.

Müsavatın rəhbər şəxsləri və bir qrup fəalı partiyanın üzvü, qanunsuz olaraq həbs edilmiş Tofiq Yaqublunun şikayəti üzrə apelyasiya məhkəməsində, eləcə də “AbzasMedia işi” üzrə məhkəmə prosesində iştirak ediblər.

Daha sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.

Tofiq Yaqublunun həbsxanada aclıq aksiyasını dayandırması doğru qərar kimi qiymətləndirib. Qeyd edilib ki, ictimaiyyətin birgə səyləri, mayın 8-də Müsavat Partiyasının qərargahında baş tutan müvafiq toplantı, eləcə də müxalifət təmsilçilərinin və ictimai fəalların birgə müraciəti, ailə üzvlərinin təkidi sayəsində Tofiq Yaqublunun həyatını xilas etmək mümkün olub. Tofiq Yaqublunun günahsız olması və səhhətindəki problemlər nəzərə alınaraq, onun sərbəst buraxılmasına çağırış edilib. Əlavə edilib ki, Tofiq Yaqublunun aclıq aksiyasını dayandırması hakimiyyətə siyasi məhbus problemini həll etmək üçün əlavə imkanlar açıb.

Ötən həftə daha bir jurnalist Ülviyyə Əlinin və ictimai fəal Əhməd Məmmədlinin həbs edilməsi pislənilib, ölkədə siyasi motivli həbslərə son qoyulması bir daha tələb edilib.

Mayın 28-də saat 12:00-da Respublika Günü ilə bağlı Novxanıda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin heykəli önündə bayram mitinqinin keçirilməsi qərara alınıb.

Sonda cari məsələlər müzakirə olunub.