Müsavat Divanının gündəliyi
Bu gün, iyunun 30-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlki qərarların icrası və görülən işlər barədə məlumat dinlənilib. Təşkilati məsələlərə baxılıb və ötən həftə bir sıra rayon təşkilatlarında şura iclaslarının keçirilməsi barədə məlumat verilib.
Eyni zamanda, iyunun 24-də Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günü münasibətilə onun məzarı başında keçirilən anım tədbiri yüksək qiymətləndirilib. Daha sonra, Müsavat qərargahında güneyli siyasətçilər və ekspertlərin iştirakı ilə təşkil olunan “İsrail-İran müharibəsi və Güney Azərbaycan” mövzusunda Dəyirmi Masa müzakirələrinin nəticələrinə dəstək ifadə olunub.
Divanda ölkədə ictimai-siyasi vəziyyət dəyərləndirilib. Siyasi məhbus məsələsinin aktuallığı vurğulanıb və Müsavat Partiyasının 5 üzvünün siyasi motivlərlə həbsdə olması hakimiyyətin repressiv siyasətinin daha bir təzahürü kimi qiymətləndirilib. Məhbusların hüquqi müdafiəsi istiqamətində işlərin davam etdirildiyi qeyd edilib.
İclasda Yekaterinburqda azərbaycanlıların qətlə yetirilməsi, həbsləri, istintaq və məhkəmə proseslərində təzyiqlərə məruz qalması ilə bağlı məsələlər müzakirə olunub. Bu hadisələrin nə insanlığa, nə də beynəlxalq hüquqa uyğun olmadığı vurğulanıb.
Müzakirə iştirakçıları hakimiyyəti Rusiyanın şovinist təxribatlarına qarşı prinsipial mövqeni ardıcıl surətdə davam etdirməyə, soydaşlarımızın təhlükəsizliyinin təmin olunması üçün gərəkən addımların atılmaslna çağırıb.
Divanda dünyada və bölgədə gərginliyin ciddi şəkildə artdığı, həmçinin iki qonşumuz – Rusiya və İran tərəfindən ardıcıl təhdid olunduğumuz müasir mərhələdə ölkədə birliyin, milli həmrəyliyin, siyasi və iqtisadi azadlıqların bərqərar edilməsinın müstəsna önəmi, Türkiyə ilə ittifaqın dərinləşməsi və Ermənistanla sülh müqaviləsinin imzalanmasının sürətlənməsinin zərurəti vurgulanıb.
Sonda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.