Müsavat Divanının gündəliyi

İyulun 7-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda qərarların icrası və görülən işlər barədə məlumat dinlənilib, rayon təşkilatlarında keçirilən iclaslar barədə məlumat verilib.

Divan rayon təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi qaydalarına dair təlimatın təkmilləşdirilmiş variantını
qəbul edib.

Daha sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib. Siyasi məhbus Azər Qasımlıya qarşı ittiham üzrə məhkəmə və Toplum TV işi üzrə məhkəmə prosesi barədə məlumatlar dinlənilib. Siyasi məhbuslarının məhkəmə proseslərinin diqqət mərkəzində saxlanılmasının vacibliyi vurğulanıb.

Rusiyada yaşayan soydaşlarımıza qarşı həyata keçirilən qanuna zidd və zorakı tədbirlərdən sonra iki ölkə arasında yaranmış gərginlik haqda fikir mübadiləsi aparılıb. Gərginliyin səngiməsi müsbət hal kimi qiymətləndirilib. Rusiyanın Ermənistanda öz hərbi iştirakını artırmaq cəhdi Azərbaycan üçün məqbul olmayan addım kimi qiymətləndirilib.

Xankəndində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) zirvə toplantısında verilən mesajlara diqqət cəlb edilib, bəzi mesajların Kremlə ünvanlandığı və Rusiyanı destruktiv mövqedən cəkindirməyə hesablandığı vurğulanıb.

Sonda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.