Şəhla İsmayıl da “QHT işi” üzrə təqsirləndirilən şəxsdir

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl da Baş Prokurorluqda istintaqı gedən yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınıb. Bu, oktyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində qadın hüquqları müdafiəçisi Nərgiz Muxtarovanın işinə baxılarkən məlum olub.

N.Muxtarova da “QHT işi” üzrə cinayət məsuliyyətinə cəlb olunub. Onun işinə Leyla Əsgərova-Məmmədovanın sədrliyilə, Novruz Kərimov və Rasim Sadıxovdan ibarət hakimlər kollegiyası baxır.

Məhkəmə tərkibinə etiraz
Oktyabrın 13-də məhkəmənin ilkin hazırlıq iclasında N.Muxtarovanın vəkili Xaliq Hüseynov bu məhkəmə tərkibinə etiraz verib. Deyib ki, eyni tərkib “AbzasMedia” nəşri ilə bağlı cinayət işi üzrə yeddi jurnalist barədə ittiham hökmü çıxarıb. Onların arasında N.Muxtarovanın həyat yoldaşı, AzadlıqRadiosunun jurnalisti, iqtisadçı Fərid Məhralızadə də var. Ona 9 il həbs cəzası kəsilib.


O işdə məhkəmə prosesinə sədrlik edən hakim R.Sadıxov idi.

Vəkil əlavə edib ki, bu üç hakimdən ikisinin – R.Sadıxov və N.Kərimovun artıq təqaüd yaşı tamamlanıb, onların icraatına yeni işlər də verilmir. Çünki gözləyirlər ki, onlar öncədən icraatlarında olan işlərə baxıb, hökm çıxarsınlar, sonra pensiyaya göndərilsinlər. Vəkil bunu da onlara etirazın əsaslarından biri kimi göstərib.

Prokuror hakimlərə etirazı əsassız sayıb. Deyib ki, bu hakimlərin fəaliyyətinə xitam verilmədiyinə görə onlar işlərə baxa bilərlər.

Hakimlər kollegiyası isə onların özlərinə verilmiş etirazın baxılmamış saxlanmasına qərar verib.

Vəkil daha iki vəsatət qaldırıb. Deyib ki, müvəkkili təqsirsizdir, heç bir əsas olmadan cinayət məsuliyyətinə cəlb edilib və hazırda təqsirləndirilən şəxs qismində məhkəmə önünə çıxarılıb. Müdafiəçi N.Muxtarova barədə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Şəhla İsmayılın statusu müəyyənləşdirilməlidir
Vəkilin digər vəsatəti isə Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılla bağlı olub. Onun adı N.Muxtarovanın işində şahid kimi keçir. Lakin vəkilin çıxışından məlum olub ki, “QHT işi” üzrə Ş.İsmayıl da təqsirləndirilən şəxs qismində cəlb edilib. Ona da iki maddə ilə ittiham verilib və barəsində cinayət işi ayrılıb.

Vəkil X.Hüseynov Baş Prokurorluğa sorğu göndərilməsini istəyib. Müdafiəçi vurğulayıb ki, onun statusu müəyyənləşdirilməlidir. Çünki şahid qismində məhkəmədə dindirilən şəxs öncə yalan danışmayacağı haqda and içir, buna görə cinayət məsuliyyəti daşıyır. Təqsirləndirilən şəxs isə yalan danışsa belə, belə bir məsuliyyəti yoxdur

Məhkəmə bu vəsatətlərin də baxılmamış saxlanmasına qərar verib.

N.Muxtarovanın işi üzrə məhkəmə baxışı oktyabrın 27-nə təyin olunub.

15-ə yaxın vətəndaş cəmiyyəti təmsilçisi məsuliyyətə cəlb olunub

“QHT işi” üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarına Cinayət Məcəlləsinin 193-1.2.2, 193-1.2.3, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı vəzifə səlahiyyətlərindən istifadə etməklə təkrar leqallaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

“QHT işi” üzrə toplam 15-ə yaxın vətəndaş cəmiyyəti təmsilçisi cinayət məsuliyyətinə cəlb olunub. Onlardan “Vətəndaş Hüquqları İnstitutu” İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə), ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə həbs olunub.

Sosial Hüquqlar Mərkəzinin hazırda ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında sözügedən cinayət işi üzrə həbsli axtarış qərarı verilib.

Digərləri haqqında isə alternativ qətimkan tədbiri seçilib. Bunların sırasında “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli və başqaları var.

Təqsirləndirilən QHT təmsilçiləri ittihamları qəbul etmirlər, heç bir cinayət törətmədiklərini bildirirlər.

AzadlıqRadiosu