Elədirsə, YAP dünəndən bağlanmalıdır

Əgər Əli Kərimliyə qarşı irəli sürülən sübutsuz ittihama görə AXCP bağlanmalıdırsa, bəzi propaqandaçılar və deputatlar bunu təklif edirlər, o halda Ramiz Mehdiyevə qarşı ittihamlara görə YAP dünəndən bağlanmalıdır.

Əli Kərimli ona qarşı ittihamın saxta olduğunu bəyan edir, apelyasiya şikayəti verir. Ramiz Mehdiyev isə üç ən ağır maddə ilə ittiham olunmasına rəğmən xain olduğunu heç inkar da etmir.

Ramiz Mehdiyev 25 il ərzində YAP iqtidarında ikinci şəxs olub. O, Azərbaycanda hakimiyyətin atadan oğula ötürülməsi, seçkilərin saxtalaşdırılması, KİV və QHT sektorunun nəzarətə götürülməsi, cib müxalifətinin yaradılması projelərinin memarı və baş icraçısı olub.

Adam 25 il ərzində Prezident Administrasiyasına rəhbərlik edib. Normal ölkədə hakimiyyətin bu qədər önəmli bir simasının xain çıxması, həmin iqtidarın bütövlükdə istefaya getməsinə səbəb olardı. Bunlar isə nə qədər həyasızdırlar ki, ayıblarına kor olmaq əvəzinə müxalifət partiyalarının, AXCP və Müsavat Partiyasının bağlanmasına çağırış edirlər.

Mustafa Hacıbəyli