Trampın müşavirləri Zelenskini telefonla təslimçi sülhə razı salmaq istəyiblər
ABŞ prezidenti Donald Trampın müşavirləri Ukrayna lideri Bolodimir Zelenskini telefonla sülhə razı salmaq istəyiblər. Bu haqda “Axios” məlumat yayıb.
Nəşrin məlumatına görə, Ağ Evin xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşner şənbə günü iki saatlıq telefon danışığı zamanı sülh planını müzakirə edərkən prezident Zelenskidən dəqiq “hə” cavabı almağa çalışıblar.
“Elə təsir bağışlayırdı ki, ABŞ müxtəlif yollarla Rusiyanın bütün Donbası götürmək istəyini bizə ‘satmağa’ çalışır və amerikalılar istəyirdilər ki, Zelenski bütün bunları telefon danışığı zamanı qəbul etsin,” — deyə ukraynalı rəsmilərdən biri bildirib.
Danışıq ABŞ və Ukrayna komandalarının Floridada üçgünlük danışıqlarından sonra baş tutub. ABŞ və ukraynalı rəsmilərin sözlərinə görə, Zelenski Vitkoff və Kuşnerlə danışıq zamanı bildirib ki, ABŞ-ın təklifini danışıqdan cəmi bir saat əvvəl alıb və hələ oxumağa imkan tapmayıb. Amerikalı rəsmilər isə bunu çaşdırıcı adlandırıb, çünki yenilənmiş təklifin bir gün əvvəl göndərildiyini bildiriblər. Zelenski cavab olaraq deyib ki, bəzi sənədlər əvvəlki gün verilsə də, digər materiallar zəngə az qalmış təqdim olunub və həmin sənədləri hələ oxumayıb.
Ukraynalı rəsmilərin sözlərinə görə, ABŞ-ın təklifi əvvəlki versiyalarla müqayisədə daha sərt şərtlər ehtiva edir — xüsusilə ərazi məsələləri və Enerhodardakı AES-ə nəzarət kimi mövzularda — və təhlükəsizlik zəmanətləri kimi əsas məsələlərə cavab vermir. Buna baxmayaraq, amerika tərəfi Zelenskinin telefon söhbəti zamanı buna razılaşacağını gözləyirmiş.
Ukraynalılar hesab edirlər ki, ABŞ-ın hazırkı planının bəzi məqamları Rusiyanın xeyrinədir və Vaşinqton Zelenskiyə Putindən daha çox təzyiq göstərir. Ukraynalı rəsmilər deyiblər ki, ABŞ-ın təklifi Trampın müşavirləri ötən həftə Kremlə gedərək putinlə beş saatlıq görüş keçirdikdən sonra Kiyevin nöqteyi-nəzərindən daha da pisləşib. Amerikalı rəsmilər bunu inkar edir və bildirirlər ki, ABŞ eyni zamanda Putindən öz tələblərini yumşaltmasını tələb edib.
Basta

