Moskvada avtomobil partladıldı – General öldü
Moskvanın Yaseneva küçəsində avtomobil partlayıb. Bu barədə TASS məlumat yayıb.
Kia Sorento markalı avtomobilin partlayışı səhər saat 7 radələrində, 12 nömrəli binanın yaxınlığında, dayanacaqda baş verib. “Baza” Telegram kanalının məlumatına görə, partlayış avtomobil bir neçə metr irəlilədikdən sonra baş verib.
İstintaq Komitəsi az sonra avtomobilin partlaması nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat hazırlığı idarəsinin rəisi, general-leytenant Fanil Sarvarovun həlak olduğunu bildirib. Qətl və partlayıcı maddələrin qanunsuz dövriyyəsi maddələri ilə cinayət işi açılıb. İK-nin versiyasına görə, 22 dekabr səhəri Yasenevaya küçəsində avtomobilin alt hissəsinə quraşdırılmış partlayıcı qurğu işə salınıb. Alınan xəsarətlər nəticəsində Sarvarov dünyasını dəyişib. “İstintaq qətlin müxtəlif versiyalarını araşdırır. Onlardan biri cinayətin Ukrayna xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsi ilə bağlı versiyadır”, — deyə İstintaq Komitəsindən bildirilib.

