Maduronun yerini onun “sağ əli” sayılan Rodriqez tutdu
Venesuelanın müvəqqəti prezidentinin səlahiyyətlərini Nikolas Maduronun “sağ əli” sayılan Delsi Rodriqez icra edəcək
Venesuela Ali Məhkəməsi qərara alıb ki, Nikolas Maduronun olmadığı müddətdə ölkə prezidentinin vəzifələrini vitse-prezident Delsi Rodriqez icra etməlidir. Reuters-in sitat gətirdiyi məhkəmə qərarında bildirilir ki, Rodriqez “idarəetmənin davamlılığını” və “ölkənin hərtərəfli müdafiəsini” təmin etməlidir.
Bir gün əvvəl Rodrigez Venesuelanın dövlət televiziyasında xalqa müraciət edib. O, Nikolas Maduronu “ölkənin yeganə qanuni prezidenti” adlandırıb və ABŞ-dan onun dərhal azad edilməsini tələb edib. Rodriqez Venesuelaya qarşı “silahlı təcavüzü” pisləyib və ölkənin Müdafiə Şurasının fəaliyyətə başladığını bildirib. Onun sözlərinə görə, hökumət ölkəni müdafiə etməyə hazırdır və o, vətəndaşları sakitliyə və birliyə çağırıb.
Video müraciət zamanı Rodriqezlə eyni masa arxasında Venesuela rəhbərliyinin digər üzvləri də əyləşmişdi. Onların arasında onun qardaşı — Venesuela Milli Assambleyasının sədri Xorxe Rodrigez, daxili işlər naziri Diosdado Kabello və müdafiə naziri Vladimir Padrino Lopes də olub.

