Arif Hacılı: “İranda müharibə Azərbaycan üçün həyəcan təbilidir”

Arif Hacılı, Müsavat Məclisinin sədri

İranda müharibənin başlanması bütün region ölkələri, o cümlədən Azərbaycan üçün həyacan təbilinin çalınması deməkdir.

Elan olunan əsas hədəf, İranın hərbi-siyasi rejiminin dəyişdirilməsi, cəlbedici görünsə də bizi həm də bu rejimdən sonrakı dəyişikliklər, yerində nəyin qurulacağı maraqlandırır.

Məsələn, normal əməkdaşlıq münasibətlərində olduğumuz İsrailin İranda şah rejimini bərpa etmək istəyi bizi qane edə bilməz və belə dəyişiklik heç də bu ölkədə sülh və əminamanlığın təmin olunacağına zəmanət vermir.

Əksinə, monarxiyanın bərpası ilə ölkədaxili qarşıdurmanın daha da sərtləşməsi və uzunmüddətli xarakter alması ehtimalları daha çoxdur.

Biz ən azı hələlik bu müharibənin azadlıqların təmin edilməsi ilə, yoxsa İraqda olduğu kimi humanitar fəlakətlə nəticələnəcəyini bilmirik.

Bu müharibə Güney Azərbaycan probleminin birdəfəlik həlli, qonşuluğumuzda azad, demokratik bir dövlətin qurulması kimi ciddi ümidlərlə yanaşı, həm də ciddi təhlükələr yarada bilər.

– Güney Azərbaycan ərazisində xaotik hadisələrin baş verməsi;
– kürd silahlı dəstələri ilə açıq qarşıdurmanın yaranması;
– sərhəddə qarışıqlıq və qaçqın axını ehtimalları;
– İranın müxtəlif bəhanələrlə Azərbaycan ərazisinə zərbələr endirməsi;
– ticarət yollarının bağlanması, yanacaq qiymətlərinin oynaması;
– hadisələrin hansısa inkişaf ssenarisində Azərbaycan-ABŞ, Azərbaycan-Türkiyə, Azərbaycan- İsrail münasibətlərində yeni, xoşagəlməz nüansların yaranması kimi ehtimallar ilk növbədə qərar qəbul edilən mərkəzlərdə ətraflı təhlil edilməlidir.

İranda baş verən hadisələrdə əsas prioritetimiz Güney Azərbaycanın və bu ölkədə yaşayan 30 milyondan çox soydaşımızın taleyidir.
Ona görə də çalışmalıyıq ki, hadisələrin hər hansı inkişafı bizim üçün sürpriz olmasın.